26 İyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918-ci ilin 26 iyun tarixində Milli Ordunun əsasını qoyan ilk qoşun birləşməsi – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Mövcud olduğu qısa müddətdə ilk respublikamızın suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasında müstəsna rol oynayan Milli Ordu 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən süquta uğradılandan sonra ləğv edildi...

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Ordunun yenidən qurulması prosesi başlandı. Ancaq ilk dövrdə ordu daha çox pərakəndə hərbi birləşmələrdən ibarət idi və gənc respublikanı xarici müdaxilədən qorumaq iqtidarında deyildi. Həmin dövrdə ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması da, təəssüf ki, bunu təsdiqlədi...

1993-cü ildə hakimiyyətə gələn böyük dövlət xadimi Heydər Əliyev ordu quruculuğunu xüsusilə diqqət mərkəzində saxladı. Azərbaycanın hərbi qüdrətinin artırılması, nizami ordunun yaradılması üçün təxirəsalınmaz addımlar atıldı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi.

Ordu quruculuğunu davam etdirən, eyni zamanda güclü hərbi sənayenin yaradılmasını qarşıya məqsəd qoyan Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sahədə ardıcıl siyasəti Azərbaycanda yeni dövrün, XXI əsrin Silahlı Qüvvələrinin yaradılmasını təmin etdi. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, şəxsi heyətin döyüş qabiliyyətinin, vətənpərvərliyinin yüksədilməsi istiqamətində də mütəşəkkil iş aparıldı. Azərbaycan Silahlı Qüvvələri öz imkanlarına görə dünyanın 50 ən güclü ordusu sırasına daxil oldu. Bu təkcə statistika olaraq qalmadı.

Tarix 2020-ci ilin 27 sentyabrını göstərəndə Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” kimi Ermənistan işğalçı qüvvələrinin başına çaxıldı. Bu ağır zərbəni tək mənfur düşmənin özü yox, onun yaxın-uzaq havadarları da hiss elədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu XXI yüzilliyin bütün dünyaya səs salacaq bənzərsiz müharibəsində qalibiyyət qazandı. Ermənistanın haqqında miflər uydurulan işğalçı ordusu 44 gündə tar-mar oldu.

Müzəffər Azərbaycan Ordusu 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Minlərlə igid Vətən övladının canı-qanı bahasına doğma Qarabağımıza, mədəniyyət beşiyi, qala-şəhərimiz Şuşaya qovuşduq. 2020-ci ilin 8 Noyabr Zəfəri şan-şərəf tariximizə qızıl hərflərlə yazıldı. Dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına bütün dünya şahid oldu. Bakıda yaradılan Hərbi qənimətlər parkı da Zəfərimizin tarixi nümayişinə çevrildi.

Bu il xalqımız 26 İyun – Silahlı Qüvvələr Gününü ilk dəfə Zəfər ruhu ilə qarşılayır. Ötən illərdə Qarabağ nisgili üzündən Ordumuzun təlimlərdə, ənənəvi paradlarda nümayiş etdirdiyi gücə, peşəkarlığa ürəkdolusu sevinə bilmirdik. 2016-cı ilin dördgünlük Aprel döyüşləri insanlarda müəyyən ümid işartıları yaratmışdı. Amma o, Zəfər adlı əsərin ilk cümləsi idi... Atalarımız demişkən, igidliyə meydan lazım imiş. Ordumuz Vətən müharibəsində döyüş meydanında hər zaman haqqında danışılacaq qeyri-adi qəhrəmanlığa imza atdı, mümkünsüzü bacardı.

Silahlı Qüvvələr Günü hər il mədəniyyət müəssisələrində müxtəlif layihələr, təqdimatlarla qeyd olunur. Əlamətdar gün ərəfəsində Azərbaycan Milli İstiqlal Muzeyinə yollandıq. İstiqlalımıza layiq Zəfərdən sonra 26 İyun münasibətilə  muzeyin planları ilə maraqlandıq.

 

165 şəhidin şəxsi əşyaları...

 

Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli qeyd etdi ki, Silahlı Qüvvələr Günü münasibətilə məktəblilər üçün onlayn dərs keçiriləcək. Bundan başqa, bayram günündə paytaxtımızda fəaliyyət göstərən hərbi məktəblərin kursantlarının muzeyə ziyarəti gözlənilir.

Həmsöhbətim bildirdi ki, muzey tərəfindən bu tədbirlərlə yanaşı, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələri ilə görüşlər də davam etdirilir: “Həmin keçirilən görüşlərdə şəhid ailələri tərəfindən qəhrəmanlarımızın şəxsi əşyaları muzeyimizə təhvil verilir. Bu günə kimi 165 şəhidin 3500-ə yaxın şəxsi əşyası (hərbi geyim, fotoşəkil, saat, telefon və s.) muzeyimizdə toplanılıb. Şəhid ailələri ilə görüşlər və qəhrəmanların şəxsi əşyalarının qəbulu bundan sonra da davam etdiriləcək”.

Müsahibimlə söhbət edə-edə muzeyin Şəhidlər zalına keçirik. Zalda 218 Azərbaycan Milli Qəhrəmanının fotoları nümayiş olunur. Həmçinin zalda 35-ə yaxın Milli Qəhrəmanın şəxsi əşyaları yer alır.

Həmsöhbətim karantin dövründə muzeyləri də əhatə edən yumşalmadan sonra mədəniyyət ocağına gün ərzində ziyarətlərin artdığını deyir. Bildirir ki, ziyarət zamanı pandemiya şəraitinə uyğun olaraq Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilir.

 

“Tarix yazan qəhrəmanlar”

 

İstiqlal Muzeyindən ayrılıb üz tuturuq tariximizin daha bir möhtəşəm saxlanc yerinə. Artıq AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindəyik. Muzeyə daxil olarkən ilk olaraq “Ermənistanın dövlət terrorizmi Azərbaycan fotoqraflarının obyektivində” adlı guşədə nümayiş olunan fotoşəkillər diqqətimizi çəkir. Yeddi azərbaycanlı fotoqrafın lentə aldığı həmin şəkillərdə işğaldan azad olunmuş rayonlarımızın hazırkı vəziyyəti və Vətən müharibəsi zamanı düşmən tərəfindən Gəncə şəhərinə və Bərdə rayonuna raket hücumları zamanı yaşanan ağrı-acı dolu hadisələr təsvir olunub. Qeyd edək ki, düşmən tərəfindən atılan həmin raketlərin qalıqları da muzeydə nümayiş etdirilir.

MATM-in elmi işçisi Sahibə Ələkbərova bildirir ki, muzey tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin muzeyşünaslıq ixtisasında təhsil alan tələbələrin şəhid ailələri ilə görüşləri gerçəkləşdirilir: “Bu layihəyə mart ayından başlamışıq. Bu günə kimi bir neçə şəhid ailəsi ilə görüşlər reallaşıb. Layihənin əsas məqsədi gənclərin vətənpərvər ruhda böyüməsi və torpaqlarımızın azadlığı uğrunda şəhadət şərbətini içən qəhrəmanlarımızı tanıtmaqdır”.

Həmsöhbətim vurğuladı ki, Silahlı Qüvvələr Günü münasibətilə Aprel döyüşləri şəhidi, kapitan Mühid Orucovun əkiz övladları muzeyə dəvət olunacaq. Görüşdə qəhrəman şəhid haqqında videoçarx nümayiş etdiriləcək. Sonda isə şəhidin övladlarına hədiyyələr təqdim ediləcək.

Sahibə xanım muzeyin “Yolumuz Qarabağadır. Qarabağ Azərbaycandır” layihəsi haqqında da məlumat verdi. Qeyd etdi ki, layihə çərçivəsində gənc muzeyşünasların Qarabağın hələlik qaçqın taleyi yaşayan muzeylərinə ekskursiyası təşkil olunur: “Layihə üzrə ilk olaraq Xocalı rayon Yalova kənd Tarix-Diyarşünaslıq Muzeyinə yollandıq. Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyi, muzeyin Bala Bəhmənli və Qarğabazar kənd filiallarında ekskursiyada olduq. Layihəmiz bundan sonra da davam edəcək”.

***

Sənə yalnız Zəfər yaraşdığını sübut elədin, şanlı Ordum! Dillərdə dastan şücaətin gələcək nəsillər üçün vətənsevərlik, qəhrəmanlıq örnəyidir, Azərbaycan Əsgəri! Qələbə soraqlı bayramın mübarək!

NURƏDDİN