Aşıq Ələsgərə həsr olunmuş tədbir

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə iyunun 22-də “Aşıq Ələsgər – 200” adlı onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən regional idarənin rəisi Elbəy Əli Aşıq Ələsgərin Azərbaycan aşıq sənətindəki yerindən və rolundan söhbət açıb, saz-söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər sazının və sözünün qüdrətindən, yubileylə bağlı Aşıqlar Birliyinin indiyədək həyata keçirdiyi tədbirlərdən söz açıb. O, yubiley tədbirlərinin ilin sonunadək davam edəcəyini, Bakıda ustad sənətkarın abidəsinin ucaldılacağını bildirib.

Tibb üzrə fəlsəfə doktoru, Aşıq Ələsgər irsinin tədqiqatçısı Abbas Bağırov və Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva da çıxışlarında ustad aşığın sənət yolu haqqında danışıblar.

Sonra söz aşıqlara verilib. Altay Məmmədli Aşıq Ələsgərin “Mərd” (“Osmanlı divanisi”), tədbirə Türkiyədən qatılan dövlət sənətçisi Aşıq Maksut Koca Fəryadi “Yüküm” (“Anadolu divanisi”), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva “Yaylaq” (“Orta sarıtel”), Ramin Qarayev “Güləndam” (“Yüngül Şərili”), Elbrus Hüseynov “Ay Şəkər xanım” (“İncəgülü”), təbrizli aşıq İsa Təbrizli “Müşkünaz” (“Ovşarı”), Şahniyar Mikayıloğlu “Cilvələnibdi” (“Cəlili”), Xavər Zəngilanlı “Yetmədi” (“Ağır Şərili”), Vüqar Qurbanov “Öldürür” (“Mirzəcanı”) və Elçin Rəşidoğlu “Gördüm” (“Orta şəşəngi”) şeirləri üstündə saz havalarını ifa ediblər.

Sonda “Aşıq Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər tədbirin təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.