Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Poeziyamızın nəhəng günəşi” adlı onlayn konfrans keçirilib.

Konfransı Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova açaraq şairin həyatı və yaradıcılığı haqqında danışıb. Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Nizami Gəncəvinin fenomenal bəşəri irsindən bəhs edib. Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bildirib ki, Nizaminin ölməz ədəbi irsi humanizm, yüksək əxlaq, tərbiyə və bilik mənbəyi, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini Azərbaycan mədəniyyətinə ehtiramın təzahürü olduğunu qeyd edib, şairin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirməsindən söz açıb.

Onlayn konfransda daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Arif Məmmədov, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova və digər iştirakçılar çıxış ediblər.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət “Nizami Gəncəvi əsərləri gənclərin gözü ilə” rəsm müsabiqəsi təşkil edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi “Mənəvi sərvətlər xəzinəsi – Nizami Gəncəvi” adlı onlayn ədəbi-bədii gecə keçirib. MKS-nin 1 saylı kitabxana filialı isə “Nizami Gəncəvi və Avropa mədəniyyəti”  başlıqlı tədbir təşkil edib. Samux rayon MKS-nin Mərkəzi kitabxanası “Nizami lirikası” adlı onlayn görüş keçirib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi zirvəsi” adlı onlayn görüş təşkil edilib. Zaqatala rayon MKS də “Nizami Gəncəvi lirikası” adlı videokonfrans keçirib.