Azərbaycan

 

26 iyun 1922 – Əməkdar memar Şəfiqə Mikayıl qızı Zeynalova (1922-1979) anadan olub.

26 iyun 1929 – Əməkdar elm xadimi, həkim-yazıçı Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 – 17.10.2011) Gədəbəy rayonunda doğulub. Türkologiya, tarix, ədəbiyyat və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.

26 iyun 1939 – Musiqişünas alim, fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanov (1939 – 28.3.2019) Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Türkiyədə Qaziantep Atatürk Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında çalışıb.

26 iyun 1945 – Əməkdar incəsənət xadimi, kinooperator Valeri Sultan oğlu Kərimov (1945 – 9.3.1998) Bakıda doğulub. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Çəkdiyi filmlər: “Alma almaya bənzər”,  “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Sizi dünyalar qədər sevirdim” və s.

26 iyun 1946 – Əməkdar artist Əli Məmməd oğlu Salahlı (Salayev; 1946-2005) Masallı rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru olub.

 

27 iyun 1951 – Əməkdar incəsənət xadimi, aşıq Əsəd Əhməd (Məhəmməd) oğlu Rzayev (1874, Tovuz - 1951) vəfat edib.

27 iyun 2013 – Xalq artisti Siyavuş Məmmədağa oğlu Aslan (5.9.1935 – 2013) vəfat edib. Musiqili Komediya, Akademik Milli Dram teatrlarında çalışıb, kinoda (“Yol əhvalatı”, “O dünyadan salam” və s.), televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

 

28 iyun 1842 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842 – 28.11.1907) anadan olub. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi olub.

28 iyun 1914 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (1914 – 13.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrının aktrisası olub, bir müddət Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

28 iyun 1925 – Xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov (1925 – 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan” və s. filmlərdə mahnıları ifa edib.

28 iyun 1971 – Məşhur opera müğənnisi Eldar Tofiq oğlu Əliyev (1971 – 4.8.2020) Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında və İtaliyada vokal təhsili alıb. 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala” teatrının  solisti olub, Avropanın bir çox teatrlarının səhnəsində çıxış edib.

 

29 iyun 1913 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 – 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (F.Şiller – “Məkr və məhəbbət”, A.P.Çexov – “Albalı bağı”, E.L.Voyniç – “Ovod”, A.Puşkin, M.Lermontov və b. şairlərin şeirləri) Azərbaycan dilinə çevirib.

29 iyun 1958 – Əməkdar artist Elçin Qəzənfər oğlu Həmidov (1958 – 4.3.2011) Bakıda doğulub. Musiqili Komediya Teatrının aktyoru olub.

 

Dünya

 

26 iyun 1763 – İngilis rəssamı Corc Morland (George Morland; 1763-1804) anadan olub.

26 iyun 1892 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938) Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.

 

27 iyun 1940 – Aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.

27 iyun 1941 – Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.

 

28 iyun 1577 – Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens; 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.

28 iyun 1712 – Fransız yazıçısı və mütəfəkkiri, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, fəlsəfi əsərlərin müəllifidir.

28 iyun 1867 – İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934) Luici Pirandello (Luigi Pirandello; 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (romanlar), “Liola” , “Hər kəs özünə görə”, “IV Henrix” (pyeslər).

 

29 iyun 1798 – İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.

29 iyun 1900 – Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Balaca şahzadə”, “Qəsr” romanları və s. əsərlərin müəllifidir.

Hazırladı:  Vüqar ORXAN