Yeni Zelandiyanın Oklend şəhəri 2021-ci ildə dünyanın həyat üçün ən yararlı yaşayış məskəni adını qazanıb. Böyük Britaniyanın “The Economist” jurnalının nəzdində fəaliyyət göstərən “Economist Intelligence Unit” (EİU) analitik bölməsinin apardığı araşdırma nəticəsində Oklend “Global Liveability İndex 2021” reytinqində birinci olub.
140 şəhərin yer aldığı reytinqində 2-3-cü yerlər Yaponiyanın Osaka və Avstraliyanın Adelaida şəhərləri tutub.
Mütəxəssislər dünya şəhərləri arasında həyatın keyfiyyətini bir neçə göstərici əsasında müəyyən ediblər. Buraya sabit inkişaf, mədəniyyət, ekologiya, səhiyyə, təhsil və infrastruktur kimi göstəricilər daxildir. Oklend 96 bal toplayıb. Global Liveability İndex 2021” reytinqində dünyanın 10 ən yaxşı şəhəri siyahısına Vellinqton (Yeni Zelandiya) və Tokio (Yaponiya), Pert (Avstraliya), Sürix və Cenevrə (İsveçrə), Melburn və Brisben (Avstraliya) də daxil edilib.
Reytinq müəlliflərinin qənaətinə görə, koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər Asiya-Sakit okean regionu şəhərlərinin Avropa və Kanada meqapolislərini üstələməsinə imkan yaradıb. Oklend şəhərinin birinci yerə yüksəlməsinin əsas səbəbi yerli hakimiyyətin COVİD-19-la mübarizədə qazandığı uğurlar olub.
Siyahıda sonuncu yeri Dəməşq (Suriya) şəhəri tutub.
CAVİD