Mütəxəssis guşəsi

 

   Ruslan Quliyev,
   ATİ-nin turizm biznesinin təşkili və idarəedilməsi kafedrasının müəllimi,
   «Millennium Turizm Konqres» turizm şirkətinin rəhbəri
 
   

    Birinci yazı   

   Turizm - müasir dünyamızın mürəkkəb sosial-mədəni, iqtisadi fenomenidir. Turizmin müxtəlif aspektləri bir sıra elm sahələrinin maraq dairəsindədir. İqtisadçılar, sosioloqlar, pedaqoqlar, psixoloqlar, tarixçilər, mədəniyyətşünaslar, sənətşünaslar və hüquqşünaslar turizmin nəzəriyyə və praktikasını “öz məsələləri” hesab edirlər. 
   Müasir elmi ədəbiyyatlarda turizm anlayışını müxtəlif formada izah etməyə çalışırlar. Bu sahəyə coğrafi, iqtisadi, marketinq, sənaye faktorlu yanaşmalar var.
   1981-ci ildə Madriddə keçirilən Beynəlxalq Konfransda, 1989-cu ildə Haaqada qəbul olunmuş Haaqa deklorasiyasında və UNWTO-nun (Dünya Turizm Təşkilatı) 1993 -cü ildə qəbul olunmus qətnaməsində turizmin dəqiq tərifini verməyə çalışıblar. Turizm sözü ilk dəfə 1830-cu ildə Jekmo tərəfindən işlədilib, «tour» - gəzinti mənasını verir.
   Turizm anlayışının bir neçə əsas tərifi mövcuddur. Bunlardan bir neçəsini oxucuların nəzərinə çatdırmaq istərdik:
   Turizm - ölkə və xarici vətəndaşların, vətəndaşlığı olmayan insan qruplarının müvəqqəti olaraq, 1 gündən artıq gecələmə şərti ilə, müalicə, maarifləndirmə, peşəkar-işgüzar, idman, dini və s. məqsədlə, pul qazanmaq məqsədi güdməyən yerdəyişmələridir;
   öz ölkələrinin hüdudlarını aşan və 1 ildən artıq olmayan istirahət, biznes və.s. məqsəd daşıyan insan fəaliyyətidir;
   konkret obyektlərə baxış və xüsusi maraqları təmin edən marşrut üzrə xüsusi yerdəyişmə formasıdır;
   peşəkar və həvəskar məqsədləri təmin edən istirahət, maarifləndirmə, biznes və s. motivasiyalı səyahət növüdür;
   dünya xalqlarının yaşamına pozitiv təsir göstərən, ölkələrin sosial, mədəni, təhsil və iqtisadi həyatına və onların qarşılıqlı münasibətinə təsir edən faktordur;
   sosial-humanitar formaları (tərbiyəvi, maarifləndirmə, müalicə-bərpa və idman) özundə əks etdirməklə, fiziki və əqli bir təzahürdür;
   istirahət və asudə vaxtın təşkilinin populyar bir formasıdır;
   insanlara xidmət göstərən təsərrüfat sahəsi olmaqla, başqa ölkələrə səyahət edən insanlara öz xidmət və məhsullarını təklif edən ənənəvi xalq təsərrüfatı sahələri ilə sıx iqtisadi bir sistem və vəhdət təşkil edir;
   ekskursiya, kurort və mehmanxana biznesinin təşkili və realizasıyası üzrə bütün növ elmi-praktik fəaliyyətlərin vəhdətidir.
   
   * * *
   Yerdəyişmələr müxtəlif olur. Məsələn, bir insan ev-iş-ev və ya tələbə ev-universitet-ev marşrutu ilə hər gün hərəkət edir. Bu yerdəyişməni turizm məqsədli yerdəyişmələrlə qəti şəkildə qarışdırmaq olmaz. Əsas məqamlara diqqət yetirmək lazimdır: əmək fəaliyyəti 0 -a bərabər olmalıdır; səfər 1 gündən artıq olmalıdır; səfər 12 aydan az olmalıdır.
   Bir çox mütəxəssislər turizmin müəyyən edilməsi üçün bir neçə postulatı vurğulamağı vacib sayır:
   Turistin istək və ehtiyaclarını səfər etmək istədiyi məkanda reallaşdıracağı fəaliyyət növü müəyyən edir;
   turizm biznesi turistlərin ehtiyaclarını təmin edən bir fəaliyyət sahəsi olub, istehsal, məhsul və xidmətlərin realizasiyasından əldə olunan gəlirin artırılmasına yönəldilmişdir;
   turizm qonaqpərvərlik sferasının pozitiv faktoru olub, bəlli bir regionda yeni iş yerlərinin açılması və valyuta daxilolmalarına xidmət edir;
   turizm milli administrasiyalar tərəfindən iqtisadiyyatın inkişafı kimi qiymətləndirilməlidir.
   Təbii ki, turizmin mənfi təsiri də mövcuddur. Bu təsirləri qeyd etmək vacibdir:
   - mövsümi xarakterli olması;
   - ətraf mühitin çirklənməsi;
   - bütün sahələrdə qiymətlərin bahalaşması;
   - regionun həddən artıq yüklənməsi;
   Bütün bu göstərilən məsələlərin qeyd edilməsindən belə bir nəticə çıxarmaq olar ki, turizm fəaliyyəti turistlərin, turizm müəssisələrinin, qonaqpərvərlik sferasının, dövlət qurumlarının qarşılıqlı münasibətlərinin vəhdətidir. Turizm - turizm məhsulu, xidmət, ekskursiya obyektləri və istehsal vahidlərinin sistemli toplusudur. Bu sistem öz məkanlarını müvəqqəti tərk edən turist və turist qruplarına göstərilən xidmətə xitab edir.
   Fikrimcə, turizmin mahiyyətini 3 əsas aspektdə qərarlaşdırmaq olar:
   turizmə asudə vaxtın təşkili kimi baxmaq lazımdır;
   turizm biznesin spesifik bir formasıdır, turistlərə xidmət sahəsində ixtisaslaşan sahələrin vəhdətidir;
   turizm - turizm bazarına xidmət edən müəssisə və sahələrin, eyni zamanda maddi istehsal sahələrinin transformasiyasıdır.