Qarabağ yeni turizm istiqaməti kimi xüsusi maraq doğurub

 

Türkiyənin İstanbul şəhərində iyunun 28-də başlayan “ACE of MİCE” işgüzar turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunur.

Dövlət Turizm Agentliyindən bildirilib ki, sərginin keçirildiyi İstanbul Konqres Mərkəzində xüsusi bannerlər vasitəsilə Azərbaycanın turizm imkanları ziyarətçilərə nümayiş etdirilir. Yeni turizm destinasiyası olaraq təqdim olunan Qarabağa xüsusi maraq müşahidə olunub. Azərbaycan stendini ziyarət edən İstanbul Ticarət Palatasının rəhbəri Şekib Avdagiç işğaldan azad edilmiş Şuşaya yaxın zamanda səfər etmək niyyətində olduqlarını deyib.

Tədbir çərçivəsində təşkil olunmuş ikitərəfli görüşlər zamanı Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin perspektivlərindən danışıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiyadan sonra turizm və işgüzar tədbirlər sənayesinin gələcəyi” mövzusunda təşkil olunan panel görüşündə iştirak edib.

Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva “Limitsiz turizm: turizm potensialının inkişaf etdirilməsində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müsbət nəticələri” mövzusunda təşkil olunmuş panel görüşündə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin vacibliyindən danışıb.

Qeyd edək ki, “ACE of MİCE” turizm sərgisi 30 iyunda başa çatacaq.

Dünyanın üçüncü böyük konqres, toplantı və tədbir sərgisi olan “ACE of MİCE” turizm sərgisi 2014-cü ildən etibarən “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti tərəfindən təşkil olunur. 200 stendin təmsil olunduğu sərgidə 11 əsas mövzu üzrə panel iclaslarında pandemiyadan sonra işgüzar turizm sənayesinin gələcəyinə dair çıxışlar edilib.