Azərbaycanın Vatikandakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi, həmçinin  Vatikanın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallagerlə görüşüb.

Görüşlərdə Azərbaycan və Vatikan arasında əməkdaşlıqdan söz açılıb. Heydər Əliyev Fondunun Vatikanda apardığı bərpa işlərindən danışılıb. Fondun həyata keçirdiyi layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Vatikanın xarici işlər üzrə dövlət katibi ilə görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, həmin torpaqlarda on illər ərzində törədilmiş dağıntılar, ərazilərin minalanması kimi mövzulara da toxunulub. Səfir azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpa və yenidənqurma işlərinə başlanıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, mədəni dəyərlərin qorunması, eləcə də dinlərarası dialoq baxımından Heydər Əliyev Fondu və Vatikanın birgə reallaşdırdığı layihələr böyük əhəmiyyət daşıyır. Mədəni dialoq baxımından dünyaya nümunə olan bu əməkdaşlığın 10 ildən çox tarixi var.