Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Bakıya işgüzar səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
Fondun prezidenti Günay Əfəndiyeva qonağa Türk dünyasının mədəni irsinin tanıdılması və qorunması istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib, təşkilatın qurucu üzv ölkəsi olan Türkiyə ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.
Fondun prezidenti bu ilin mart ayında Türk Şurasının videokonfrans formatında keçirilən qeyri-formal zirvə görüşündə Türküstan Bəyannaməsinin qəbul olunduğuna diqqət çəkərək, həmin sənədə əsasən, üzv dövlətlərin müvafiq qurumlarının iştirakı ilə Türk dünyasının ədəbiyyatına, elm və mədəniyyətinin inkişafına böyük töhfə vermiş görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunması məsələsinə toxunub.
Qarabağ Zəfərinin bütün Türk dünyasına qürur yaşatdığını deyən Günay Əfəndiyeva bu xüsusda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinin önəmini də vurğulayıb.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan fondda olmasından məmnunluq hissi keçirdiyini qeyd edərək, təşkilat ilə Türkiyə arasında əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. Fond ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında gələcəkdə daha çox birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edən Ahmet Misbah Demircan Türkiyənin bundan sonra da təşkilata hər cür dəstək göstərəcəyini bildirib.
Günay Əfəndiyeva qonağa fond tərəfindən nəşr olunan kitablar və Qarabağ xalçası hədiyyə edib.