Qarabağ Dirçəliş Fondunun hazırladığı internet resursu təqdim olunub

 

İyunun 30-da Qarabağ Dirçəliş Fondunun “Karabakh. Center” (“Qarabağ. Mərkəz”) layihəsinin təqdimatı olub. Qarabağ Dirçəliş Fondu Müşahidə Şurası üzvlərinin, ictimai xadimlərin qatıldığı tədbirdən öncə erməni vandallarının Qarabağda törətdiyi dağıntıları əks etdirən fotosərgiyə baxış olub. Bildirilib ki, nümayiş etdirilən fotoların əksəriyyəti AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilib.

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatı açaraq qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə eyni zamanda Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajı oldu. Azərbaycan xalqı dünyaya nümayiş etdirdi ki, ədalətsizliklə heç vaxt barışmayıb və milli maraqları qorumaq üçün “dəmir yumruq” kimi birləşməyi bacarır.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə dağıntıların miqdarı həddindən artıq böyükdür. Tikililərin, tarixi abidələrin dağıdılması ilə yanaşı, təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına da böyük zərər vurulub.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi “Qarabağ. Mərkəz” layihəsi bütün bu zərərin miqyasını dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Layihə barədə məlumat verən R.Hacıyev qeyd edib ki, internet resursunda toplanan çoxsaylı materiallar xalqımızın Qarabağdakı maddi mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Burada işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüsü yer alır. Bütün fotoşəkillər və videolar saytın “Urbisid” (yaşayış yerlərinin məhv edilməsi)  bölməsində yerləşdirilib. Bölmədə memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.

“Münaqişə” və “Cinayət” bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər təqdim olunur. İnternet resursu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni fotomateriallarla və analitik məqalələrlə zənginləşdiriləcək, dilbər guşəmiz Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcək.

Bu internet resursu həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də “Kitabxana” bölməsində mövcud olan çoxsaylı orijinal mənbələr (arxiv sənədləri, kitablar, hesabatlar və s.) peşəkar ekspertlərin diqqətini cəlb edəcək.

Tədbirdə Qarabağda törədilən dağıntıların və vurulan zərərin miqyasından bəhs edən “Qarabağda Urbisid” adlı video da nümayiş olunub.

İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib ki, Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəlişi genişmiqyaslı prosesdir: “Çünki biz yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik və daimi, dayanıqlı inkişafı hədəfləməliyik”.

Tarixdə Stalinqrad, Sarayevo, Xirosima hadisələri kimi faciələri xatırladan M.Cabbarov deyib: “Qarabağdakı hadisələr şüurlu şəkildə, onilliklər ərzində həyata keçirilən dağıntı prosesidir. İşğal zamanı təkcə tarixi abidələrimiz, infrastruktur obyektlərimiz, şəhər və kəndlərimiz dağıdılmayıb, regionun gözəl təbiətinə də çox böyük zərər vurulub. İnternet resursunda bu barədə də məlumatlar yer alır. Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir”.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağda bərpa və rekonstruksiya işlərinin sürətlə davam etdiyini diqqətə çatdıran Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının sədri əmin olduğunu bildirib ki, tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq. “Karabakh. Center” internet resursu Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Bu internet resursunun müxtəlif dillərdə təqdimatı nəzərdə tutulur. Bu, təkcə onlayn versiya ilə məhdudlaşmamalıdır. Qarabağda baş verən dağıntıların miqyası dünyaya çatdırılmalıdır. Dağıdılmış abidələr bərpa olunacaq. Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu layihələrə dəstək verməkdən qürur duyur”, - deyə Mikayıl Cabbarov vurğulayıb.

Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 30 ildən çox davam etmiş işğalın nəticələri və hazırda aparılan bərpa işləri barədə dünya ictimaiyyətinə dolğun məlumatın çatdırılmasında müasir informasiya texnologiyalarının rolundan danışıb: “Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitə ciddi zərər vurulub, təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. “Karabakh.Center” internet platforması bu həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında, təbiətə belə amansız münasibətin ifşa edilməsində böyük rol oynayacaq. Eyni zamanda qarşımızda təbiət ərazilərinin bərpa edilməsi, onların işğaldan əvvəlki vəziyyətinə qaytarılması kimi böyük məsuliyyət dayanır”.

Nazir qeyd edib ki, Qarabağ bölgəsi istər təbii sərvətləri, istərsə də biomüxtəlifliyi baxımından çox zəngindir. İşğaldan azad edilmiş ərazilərimizdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılacaq. Hazırda “Qırmızı Kitab”ın 3-cü nəşrinin hazırlanmasına başlanılıb. Qarabağın fauna və flora növlərinin hazırkı statusunun qiymətləndirilməsi məqsədilə burada elmi tədqiqat işləri aparılacaq. Bu proseslərin platformada geniş işıqlandırılması məqsədəuyğun olardı.

Qeyd olunub ki, Azərbaycanın transsərhəd çayları Ermənistan tərəfindən davamlı çirklənməyə məruz qalıb və çirklənmələr bu gün də davam edir. Xüsusilə də Oxçuçayın hövzəsi “ölü zona”ya çevrilib. Qarabağın təbiətinə, ekologiyasına vurulan bu və digər zərər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də beynəlxalq səlahiyyətli qurumlar tərəfindən Ermənistana təsir göstərilməsində “Karabakh. Center” resursunun imkanlarından geniş istifadə edilə bilər.

Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının üzvü Fatma Yıldırım bildirib ki, “Karabakh. Center” internet resursu vasitəsilə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda törədilən vandalizm aktları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq. Portalın təbliği işinə vətəndaş olaraq hər birimiz, bütün cəmiyyətimiz öz töhfəsini verməlidir.

Sonra Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev layihənin ərsəyə gəlməsi barədə danışıb, internet resursunun videotəqdimatı olub.