SKA (Square Kilometre Array) layihəsinin iştirakçısı olan dövlətlər eyniadlı radioteleskopun inşası layihəsini rəsmən təsdiqləyiblər.
Avropa Astronomiya Cəmiyyətinin (EAS) illik görüşündə çıxış edən layihə rəhbərləri Avstraliyanın qərbində yerləşəcək radioteleskopun inşasının 2028-ci ildə başa çatacağını deyib.
“Bu anı 30 ildir gözləyirdik. Planetimizdəki ən böyük elmi obyektin inşasına sərmayə qoymaqla bəşəriyyət növbəti nəhəng sıçrayışı həyata keçirib. Kainatın bir çox sirrini öyrənməkdə bizə kömək edəcək ən böyük və ən mürəkkəb iki radioteleskop quracağıq”, – deyə SKA rəsədxanasının baş direktoru Filip Daymond bildirib.
Onun sözlərinə görə, rəsədxananın yeddi iştirakçı ölkəsi – Avstraliya, Çin, İtaliya, Niderland, Portuqaliya, Cənubi Afrika Respublikası və Böyük Britaniya tikinti planlarını rəsmən təsdiqləyib. Üzv ölkələr teleskopun inşasına və istismarına 2 milyard avrodan çox vəsait ayıracaq.
Artıq rəsədxana ərazisində tikinti işlərinə start verilib, lakin tam həcmli inşaat gələn ilin əvvəlində, SKA layihəsinə üzv olan bütün ölkələrin müəssisələri və tədqiqat mərkəzləri ilə müqavilələr imzalandıqdan sonra başlayacaq.
Qeyd edək ki, layihənin Avstraliya hissəsində inşaat işlərinin 2028-ci ildə tamamlanması planlaşdırılır. SKA teleskopu 1 kvadratkilometr sahəsi olan nəhəng virtual antenada birləşən ayrı-ayrı 3 min antenadan ibarət olacaq. Alimlər ilk elmi məlumatların antena və məlumat emalı sisteminin istismara verilməsindən sonrakı bir neçə il ərzində alınacağını gözləyirlər. Rəsədxananın azı 50 il fəaliyyət göstərəcəyi deyilir.