“Gələcəyin Proqnozlaşdırılması Laboratoriyası”
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) “Gələcəyin Proqnozlaşdırılması Laboratoriyası” adlı birgə layihə həyata keçirəcəklər.
İCESCO-nun mərkəzi ofisindən bildiriblər ki, iki təşkilatın nümayəndələri, həmçinin Səudiyyə Sənayeləşmə Korporasiyası və Frankofoniya Universiteti Agentliyi laboratoriyanın hazırlanması üzrə ilkin məsləhətləşmə aparıblar. Videokonfrans formatında keçirilən sessiyada qeyd olunub ki, dəyişən dünyanın müasir çağırışları fonunda beynəlxalq təşkilatların elm, təhsil və mədəniyyət sahələrində yeni birgə konsepsiyalara ehtiyacı var.
UNESCO-nun təhsil bölməsinin rəhbəri Ried Miller və İCESCO-nun Strateji Planlaşdırma Mərkəzinin direktoru Kais Həmmami gənc nəslin süni intellekt və ən müasir texnologiyalar əsrində, habelə pandemiya və yeni çağırışlar şəraitində adekvat təhsil alması, iş yerləri ilə təmin olunması sahələrində təşəbbüslərdən bəhs ediblər. Onlar diqqətə çatdırıblar ki, iki mötəbər humanitar təşkilatın yaradacağı laboratoriyada tanınmış analitiklər, Avropa, ABŞ və İslam ölkələri universitetlərinin alimləri məsləhətçi qismində çalışacaqlar. Burada ilk tədqiqat “Mümkün və arzu olunan gələcəyin qurulması” mövzusunda olacaq. Hökumətlərin və digər beynəlxalq humanitar təşkilatların da tədqiqatlara dəstək verməsi nəzərdə tutulur.