Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin   Gürcüstana səfəri davam edir.

İyulun 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, nümayəndə heyətinin   üzvləri sərgi ilə tanış olublar.

Sərgidə azərbaycanlı və gürcü rəssamların Nizami irsinə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilir.

Nazir Anar Kərimov tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğu vurğulanıb. Nazir qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.

Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze dahi söz ustadı, mütəfəkkir şair Nizam Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib. Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun fəlsəfi fikirləri bu gündə sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub.

Gürcüstanın Kançeli adına simli kvarteti maraqlı konsert proqramı ilə çıxış edib. Ansambl Üzeyir Hacıbəylinin və digər bəstəkarların N.Gəncəvinin şeirlərinə bəstələdikləri əsərləri ifa edib.