Noyabrın 3-dən 7-dək Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının beşinci buraxılışı keçiriləcək. Builki festivalın əsas mövzusu “Hisslər±” adlanır.

Hazırkı dövrdə insanların hissləri sosial inkişaf, siyasi mühit, maddi rifah və qlobal pandemiya kimi ciddi sınaqlara məruz qaldığına görə belə bir seçim edilib. Fərdi təcrübələri və fiziki vəziyyəti də daxil olmaqla, bütün bunlar insanın dünyanı necə qavradığına təsir edir. Bu il münsiflər heyətini insanların daxili və xarici dəyişimlərinə, özünü axtarışlarına və yer üzündə var olma anlamlarına həsr olunmuş filmlər xüsusilə maraqlandıracaq.

“DokuBaku”nun 5-ci buraxılışında müsabiqədənkənar filmlər də nümayiş olunacaq. Bundan əlavə, festival çərçivəsində Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaq. Bu, mərhum azərbaycanlı ssenarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr ediləcək. Müraciətlər sentyabrın 20-dək www.filmfreeway.com platformasına təqdim edilə bilər.

Qeyd edək ki, 2017-ci ildə əsası qoyulmuş festival müxtəlif ölkələrdən sənədli filmlərin nümayişi ilə yanaşı, yerli filmmeykerlərə dəstək vermək məqsədi daşıyır.