Kitab 4 dildə çap olunub

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olan hadisə – 2020-ci ilin 8 noyabrında Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş kitab hazırlayıb. “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” adlı  kitab Azərbaycan, türk, ingilis və rus dillərində işıq üzü görüb.

Kitab ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” sözləri ilə açılır. Kitabın əvvəlində iki tarixi sənəd – “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Prezidentinin 7 may 2021-ci il tarixli sərəncamı və 15 iyun 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” verilib.

Kitabın birinci bölümündə (“Rəsmi xronika”) Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşanın işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətləri, Şuşaya səfərləri, şəhərin bərpası istiqamətində görüləcək işlər, “Xarıbülbül” musiqi festivalı haqqında məlumatlar əksini tapıb.

“Şuşa (müxtəsər tarix)” adlı ikinci bölümdə şəhərin tarixinin müxtəlif dövrləri təhlil edilir.

Kitab AVCİYA-nın “1905.az KİTABI” seriyasından növbəti nəşrdir. Seriyanın ideya müəllifi assosiasiyanın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.