“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ emalatxanasında toxunan son iki ilin ən böyük xalçası kəsilib.
“Azərxalça”dan bildirilib ki, 24 kvadratmetr (4x6) ölçüsü olan Quba məktəbinə aid xalça 57.2 kiloqramdır. “Pirəbədil” çeşnili xalçanın toxunmasına toxucular Aygün Nəsirova, Xatirə Şəkərxanova və Ülviyyə Sarıyeva hələ 2018-ci ilin aprel ayında başlayıblar. Ötən ilin martında başlanan COVİD-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə xalçanın toxunması dayandırılıb. Bir il müddətində xalçaya güvə düşməməsi üçün müntəzəm olaraq dərmanlama prosesi aparılıb. 2021-ci ilin aprel ayından istehsalatın bərpa olunması ilə əlaqədar xalçanın toxunuşu davam etdirilib və iyul ayında xalça kəsilərək dəzgahdan götürülüb.
Böyük ölçülü xalçaları toxucular adətən 1 il – 1 il 3 ay müddətində toxuyurlar.
Xatırladaq ki, “Azərxalça”nın emalatxanalarının hər birində xalçalara baxmaq və əldə etmək imkanı mövcuddur.