Dövlət Sərhəd Xidməti (DSX) Çevik Hərəkət Qüvvələrinin N saylı hərbi hissəsində Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə-lövhənin açılış mərasimi keçirilib.

DSX-nin Mətbuat mərkəzindən bildirilib ki, qranit abidə-lövhədə Vətən müharibəsində şəhid olmuş qəhrəman sərhədçilərin fotoşəkilləri və adları həkk olunub, dövlət bayrağı ucaldılıb.

Tədbirdə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev çıxış edərək bildirib ki, xalqımızın ədalət və haqq savaşında tarixi Zəfərin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü uğrunda özlərini fəda edərək bizlərə sonsuz qürur hissi yaşadan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi hər zaman minnətdarlıqla yad ediləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Qələbəsi ilə bitən Vətən müharibəsində sərhədçilər də döyüş tapşırıqlarını uğurla icra ediblər. Müqəddəs savaşda sinələrini sipər edən bütün qəhrəmanlarımızın əziz xatirələri daim uca tutulacaq, onların şücaəti gələcək nəsillər tərəfindən xalqımızın əzmkarlıq, fədakarlıq salnaməsi kimi vəsf olunacaq.

Tədbirin sonunda Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.