İyulun 12-də Beynəlxalq Muğam Mərkəzində “Portret 3293” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. Film şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun (1975-2020) xatirəsinə həsr olunub.

Layihənin rəhbəri və ideya müəllifi Nurana Babayeva bildirib ki, ötən ilin iyulunda xain düşmən tərəfindən Tovuz hadisələrinin törədilməsi və general-mayor Polad Həşimovun şəhid olması onu bir Azərbaycan gənci kimi çox sarsıdıb: “2020-ci ilin iyul ayından emalatxanamda generalın portretini işləməyə başladım. Polad Həşimovun portreti mənim bu janrda ilk işimdir. Eyni zamanda ideyamı genişləndirərək “Portret 3293” sənədli filminin ərsəyə gəlməsinə nail olduq. 3293 rəqəmi Polad Həşimovun düşməndən aldığı postun adı, hadisələrin baş verdiyi yeri əks etdirir. Zabit və əsgər heyəti həmin postu həm də “Polad postu” adlandırırdı”.

Müəllif qeyd edib ki, məqsədi Azərbaycanın Milli Qəhrəmanının xatirəsini yaşatmaqdır: “Polad Həşimovun ailə üzvlərinin tövsiyələrini nəzərə alaraq layihəmi tamamladım. Filmin və portretin təqdimatı üçün etdiyim müraciətə Beynəlxalq Muğam Mərkəzi müsbət cavab verdi və buna görə minnətdarlığımı bildirirəm”.

“Chelebi Media Group” tərəfindən lentə alınan filmin prodüseri Məlahət Qurbanovadır. Çəkilişlər Azərbaycan Hərb Tarixi Muzeyi, II Fəxri xiyaban, Polad Həşimovun Sumqayıt  şəhərindəki evi və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə həyata keçirilib.

LALƏ