Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunus Əmrə irsi: tarixilik və müasirlik” mövzusunda dəyirmi masa keçirilib. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında təşkil olunan tədbirdə regional idarənin dəvəti ilə İstanbul Universitetinin müəllimləri də iştirak ediblər.

Qonaqlar muzeylə tanış olduqdan sonra İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov, xanəndə Baxış Babaşov və tarzən Fərrux Xəmmədovun ifasında Nizami Gəncəvinin yaradıcılığı əsasında ədəbi-musiqili proqram təqdim edilib.

Dəyirmi masaya moderatorluq edən regional idarənin rəisi Faiq Xudanlı qonaqları təqdim edib və müzakirə olunacaq mövzular haqqında məlumat verib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı “Nizami Gəncəvi yaradıcılığının Azərbaycan mədəniyyətinə təsiri”, İstanbul Universitetinin dosenti, türkologiya üzrə fəlsəfə doktoru Məhməd Samsakçı “Türk ədəbiyyatında Yunus Əmrə: dünən və bu gün”, regional idarənin Xocavənd rayonu üzrə baş məsləhətçisi, yazıçı, ədəbiyyatşünas Ramil Əhmədov “Modern dünya ədəbiyyatında Nizami Gəncəvi təsiri” mövzularda çıxış ediblər.

Yazıçı Əlisəfa Azayev və İstanbul Universitetinin müəllimi, elmlər doktoru Kaan Kapan Nizami Gəncəvi və Yunus Əmrənin zəngin yaradıcılıqları haqqında fikirlərini bölüşüblər.

Sonda rayonun mədəni həyatında fəal iştirakına görə İmişli Mədəniyyət Mərkəzinin əməkdaşı, xanəndə Baxış Babaşov regional idarənin fəxri fərmanı ilə təltif olunub.