Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə” layihəsinin altıncı buraxılışı təqdim edilib. Layihə Vətən müharibəsində şəhid olmuş mədəniyyət işçilərinə həsr olunub.

Layihənin növbəti qəhrəmanı kövrək ruhu ilə ürəkləri titrədən tarzən, savaşda şücaəti ilə “Canavar” ləqəbi qazanan Toğrul Hacıyevdir.

Əslən Füzulidən olan Toğrulun ailəsi 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdı. Toğrul 1996-cı il dekabrın 24-də Bakıda anadan olmuşdu. 2016-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasında tar ixtisası üzrə təhsil almış, sonra magistraturaya qəbul olunmuşdu. Füzuli şəhər 3 saylı Uşaq musiqi məktəbində tar müəllimi işləyirdi.

Ata yurdunun və bütövlükdə Qarabağ elinin yağı işğalından azad olunması Toğrulun da arzusu idi. Bu arzu ilə də Vətən müharibəsinə yollandı. 2020-ci il oktyabrın 10-da ata-babalarının doğulduğu Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı...

Anasının Toğrulun ardınca bir ovuc su töküb, cəbhəyə yola saldığı yolun üstündə bu gün bulaq axır. Bu gün körpəsindən qocasına qədər hamı Toğrul bulağından su içir...

Videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: bit.ly/3hZ4Qvr