“Mədəniyyət/Culture” jurnalının 2021-ci ilə aid üçüncü nömrəsi işıq üzü görüb. Jurnalın yeni sayı bu ilin ən möhtəşəm mədəniyyət hadisələrindən biri kimi tarixdə qalacaq Şuşadakı “Xarıbülbül” musiqi festivalı haqqında yazı, eləcə də bu milli özünüdərk bayramının bəzi iştirakçılarının təəssüratları ilə açılır.

“Mədəniyyətdən əbədiyyətə”, "Səhnədən hərb meydanına" layihələri bu dəfə də mülki həyatdakı mədəniyyət və incəsənətlə bağlı peşə vərdişlərini hərbçi əzmi və qətiyyəti ilə əvəzləyən Vətən müharibəsinin şəhid və qazilərinin cəbhə yolundan bəhs edir.

Müqəddəs Vətən müharibəsindəki zəfərimizi vəsf edən daha bir neçə məqalə "Qarabağ Azərbaycandır!" rubrikasında verilib.

 “Azərbaycan Cümhuriyyəti – 103” rubrikasında Ceyhun Hacıbəylinin həyat və fəaliyyətinin indiyə qədər naməlum qalan tərəflərinə nəzər salınıb.

"Ədəbiyyat" rubrikasının oxucularını Aşıq Ələsgərin 200 illik yubileyi ilində saz-söz ustadının varislərindən biri olan Xətai Ələsgərlə söhbət, görkəmli alim, Azərbaycan-özbək ədəbi əlaqələrinin ilk tədqiqatçılarından Qulamhüseyn Əliyevin Özbəkistanda iki dildə nəşr edilən kitabı haqqında rəy və digər maraqlı məqalələr gözləyir.

“Musiqi” rubrikasında görkəmli vokalçı Bülbülə həsr olunmuş məqalə, “Teatr” rubrikasında Jan Lui Barronun "Teatr haqqında düşüncələr"inin Azərbaycan dilinə tərcüməsinin davamı təqdim edilir.

“Memarlıq” rubrikasındakı “Baş tutmayan müsahibə” korifey memar Mikayıl Useynovun həyatının son aylarına işıq salır. “Muzeylər” rubrikası Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə və Şəkidəki Şəkixanovların evinə həsr edilib.

Nəşr bu dəfə də ömrünü elmə həsr etmiş alimlərin və bu yola yenicə qədəm qoyan gənc tədqiqatçıların araşdırmalarına yer ayırıb, “Elm” rubrikasında mədəniyyətin bir neçə sahəsinə aid elmi məqalələr dərc edilib.