Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” elmi-publisistik informasiya jurnalının 28-ci nömrəsi çapdan çıxıb.

Jurnalda BMA-nın əməkdaşlarından  sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Hüseynova, Fidan Nəsirova, Könül Əhmədova, Nigar Bayramova, Röya Hüseynova, Mənsurə Quliyeva, Fidan Hüseynova və başqalarının məqalələri dərc olunub, həmçinin 2021-ci ilin aprel-iyun aylarını əhatə edən ölkənin əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılıb.

Oxucular 12-13 may tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı, BMA-nın həyata keçirdiyi Nizami-romans respublika müsabiqə festivalı, beynəlxalq və respublika konfransları, BMA-nın 100 illiyi ilə əlaqədar Estoniya və Sankt Peterburq konservatoriyaları ilə ortaq layihələr, Nizami Gəncəviyə həsr olunmuş tədbirlər, maariflənidirici seminarlar, Vətən müharibəsinin iştirakçıları ilə görüşlər, “Xarıbülbül” və “Əbədilik” musiqi albomları, BMA tələbələrinin uğurları və bir çox xəbərlər haqqında ətraflı məlumat alacaqlar.

Jurnalın üz səhifəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.