Gürcüstan paytaxtının meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 13-də Bakıya gəlib.

Səfərin ilk günündə qonaqlar İçərişəhərlə tanış olub, Fəvvarələr meydanını gəziblər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov tərəfindən qarşılanan qonaqlar Bakı Xan Sarayı Kompleksi və Yeraltı hamamla tanış olublar. Onlara ərazidə aparılan konservasiya və bərpa işləri haqqında məlumat verilib.

Tbilisi merinin rəhbərlik etdiyi heyət “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində də olub.  Həmçinin ekskursiya zamanı qonaqlara Qız qalası, Qala divarları kimi abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə də məlumat verilib.

Həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Tbilisi şəhərinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilib.

Eldar Əzizov ölkələrimiz arasında qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu qeyd edərək Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bildirib ki, iki ölkə arasında münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır.

Azərbaycan və gürcü xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Tbilisi meri Kaxa Kaladze bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. O, ümidvar olduğunu bildirib ki, bu səfər Bakı və Tbilisi arasında əlaqələrin  möhkəmlənməsinə mühüm töhfə olacaq.

Sonra Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb və qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Bakı Tbilisinin qardaşlıq münasibətləri qurduğu 21-ci şəhərdir.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iştirak ediblər.