Üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Aleksey Overçuk Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunulub, sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.