Mədəniyyət Nazirliyində TİKA-nın nümayəndə heyəti ilə görüş

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 9-da Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) başqanı Serkan Kayaların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki, agentliyin protokol müdiri Samet Kapısız, TİKA-nın Bakı proqram koordinasiya ofisinin assistenti Abbas Hümmətov, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iştirak ediblər.

Nazir qonaqları səmimi salamlayaraq Azərbaycanla Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu vurğulayıb. Anar Kərimov ölkələrimizin mədəni əlaqələrinin gündən-günə inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı mədəni irsin mühafizəsi, tarixi-mədəni abidələrini bərpa və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Serkan Kayalar görüşə görə təşəkkür edərək mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı TİKA-nın bundan sonra da ölkəmizlə birgə layihələrinin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Görüşdə həmçinin iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin gələcək inkişafı, o cümlədən mədəni irs sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.