Əməkdaşlıq memorandumu imzalanıb

 

“Azərbaycan xalçası” brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan əhəmiyyətli addımların davamı olaraq “Azərxalça” ASC ilə “Azəripək” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov və “Azəripək” MMC-nin direktoru Zaur Yaqubov imzalayıblar.

Mərasimdə çıxış edən Emin Məmmədov Azərbaycan xalçaçılıq sənəti, bu sahəyə dövlətin qayğısı, yaxın gələcək üçün nəzərdə tutulan əsaslı dəyişikliklər və planlardan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu sənətə yüksək diqqət və qayğının göstəricisidir. Dövlət Proqramında xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

İdarə heyətinin sədri vurğulayıb ki, milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalçaçılıq sənətinin yaşadılmasına da dəyərli töhfələrini verir.

Qeyd edilib ki, xarici bazara yalnız milli naxışlı klassik xalçalar deyil, müasir və fərqli düşüncəli həm yerli, həm də xarici gənc xalçaçı rəssamlarla hazırlanan və müasir bazarın istəklərinə uyğun xalçaların çıxarılması istiqamətində işlər aparılmalıdır.

Zaur Yaqubov “Azəripək” MMC-nin fəaliyyəti, görülən işlər haqqında məlumat verib və gələcək uğurlu əməkdaşlıq üçün fikirlərini bölüşüb.

Qeyd edək ki, memoranduma əsasən, “Azərxalça” ASC bundan sonra xalçaların toxunmasında istifadə ediləcək ipək ipliyini “Azəripək” MMC-dən satın alacaq. Həmçinin istehsal olunan məmulatların satışına dəstək sahəsində əməkdaşlıq ediləcək, yun və ipək ipliyinin istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılacaq.

Xatırladaq ki, buna qədər “Azərxalça” ASC ipək xalçalar istehsal etməyib. Bundan sonra “Azəripək” MMC-dən əldə olunan ipək iplik yeni və eksperimental xalçaların toxunmasında istifadə olunacaq.