Otuz ilin həsrəti – 44 günün Zəfəri

 

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” adlı kitab işıq üzü görüb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük II Qarabağ müharibəsində möhtəşəm Qələbə qazandı. Bütün xalqımız kimi Azərbaycan yazıçılarının da 30 ilə yaxın qəlbində daşıdığı acı, nisgil, həsrət, nəhayət sona yetdi.

Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. İşğalın gətirdiyi kədəri, eyni zamanda, qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazılar Azərbaycanın böyük Zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsidir. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, unudulmaz duyğular, müəlliflərin şirinli-acılı xatirələri əksini tapıb.

“Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, ön söz müəllifi və redaktoru AYB-nin sədr müavini Rəşad Məciddir.

Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” tablosunun müəllifi Xalq rəssamı Sakit Məmmədovdur.