Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” silsilə seminarlarının bağlanış mərasimi keçirilib.

ADA Universitetinin prorektoru Fariz İsmayılov bildirib ki, təlimlərin mediada yeni trendin başlanğıcı olacağına ümid edir: “Jurnalistika sahəsi çox sürətlə dəyişir. Xüsusilə texnologiyanı, Azərbaycanda və regionda baş verən dəyişiklikləri nəzərə alsaq, bunu demək mümkündür. Jurnalistika sahəsi çox vacib sahələrdən biridir”.

Kursu bitirənləri təbrik edən prorektor bu ildən ADA-da kommunikasiya və rəqəmsal media sahəsində ilk tələbə qəbuluna başlanıldığını da diqqətə çatdırıb.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, ADA ilə layihələr davamlı olacaq: “Bizim BDU və digər universitetlərin tələbələri üçün də təlimlərimiz olacaq. Digər təlimlərimiz də nəzərdə tutulub. Məqsədimiz təcrübələri bölüşməkdir. İstər Azərbaycanda, istərsə də dünyada media sahəsində gedən proseslərlə tanış olaq və media subyektlərində bu təcrübələri bölüşək. Bütün jurnalistlər üçün ADA-da şərait yaratmaq çətindir. Tez nəticəyə nail olmaq üçün burada iştirak edən seminar iştirakçıları burada bölüşülən fikirləri çalışdıqları yerdə olan jurnalistlərlə bölüşsünlər”.

ADA Universitetinin prorektor müavini, İxtisasartırma Proqramlarının rəhbəri Aygün Hacıyeva bildirib ki, seminarda  iştirak edənlərin çoxu onlayn media təmsilçisi idi. Bu, 52% təşkil edir. Çap mediasının təmsilçiləri də bu seminarların iştirakçıları sırasında idi”.

Universitetin kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehraliyeva qeyd edib ki, jurnalistlər nə qədər ağıllıdırsa, cəmiyyət o qədər qazanır: “Sizə cəmiyyətin müəllimi olmaq kimi ağır missiyada uğurlar arzu edirəm”.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edən seminarlarda ümumilikdə  70-dən çox media nümayəndəsi iştirak edib. Onlar 3 qrupa bölünərək yerli və xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparıblar.