İyulun 14-də Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirə muzeyinin açılışı olub. Muzeydə şəhid generalın büstü qoyulub.
Milli Qəhrəmanın şəhid olmasının ildönümündə Polad Həşimovun təhsil aldığı Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanları və digər qurumların rəhbər şəxsləri, generalın ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Açılışdan öncə büstün önündə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Sonra xatirə muzeyinin rəmzi açılışını bildirən lent kəsilib, tədbir iştirakçıları muzeylə tanış olublar.
Muzeydə şəhid general-mayor Polad Həşimovun uşaqlıq və hərbi xidmət dövrünə aid fotolar, şəxsi əşyaları, sənədlərin surətləri, kitablar nümayiş olunur.
Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən bəhs ediblər.
Həmin gün Sumqayıt şəhəri 13-cü mikrorayonda Polad Həşimovun yaşadığı binanın qarşısında xatirə lövhəsinin və Polad Həşimovun adını daşıyan küçədə barelyefinin açılışı olub.
Mərasimə şəhər rəhbərliyi, ombudsman Səbinə Əliyeva, P.Həşimovun ailə üzvləri, ictimaiyyət nümayəndələri qatılıblar. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailəsi Sumqayıt şəhərinə köçəndən sonra buradakı 28 və 34 nömrəli orta məktəblərdə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən P.Həşimov general-mayor ali hərbi rütbəsinədək yüksəlib. P.Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.