Azərbaycan

 

17 iyul 1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 – 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvilər dövlətini qurub. “Xətai” təxəllüsü ilə şeirlər yazıb, “Dəhnamə” poemasının müəllifidir.

17 iyul 1898 – Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898-1976) Bakıda doğulub. 1923-cü ildə həbs edilib, 10 il həbs və sürgündən sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib, Ankarada dəfn olunub.

17 iyul 1953 – Xalq artisti Telman Abbasqulu oğlu Adıgözəlov (1953 – 15.4.2010) Balakən rayonunda doğulub. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. Filmlərdə (“Anlamaq istəyirəm”, “Günaydın, mələyim!” və s.) çəkilib.

17 iyul 2001 – Görkəmli tarixçi alim, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 – 2001) vəfat edib.

 

18 iyul 1864 – Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu; 1864 – 20.11.1940) Şuşada doğulub. Xanəndənin ifasında muğam və xalq mahnıları Varşava və Kiyevdə qrammofon vallarına yazılıb. 1926-cı ildən Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib.

18 iyul 1903 – Əməkdar incəsənət xadimi Sergey Arsenyeviç Mayorov (1903-1973) anadan olub. Dövlət Rus Dram Teatrında (1926-1937) quruluşçu rejissor və baş rejissor işləyib.

18 iyul 1927 – Tanınmış heykəltəraş, Xalq rəssamı Tokay Həbib oğlu Məmmədov (1927 – 2.5.2018) Bakıda anadan olub. Üzeyir Hacıbəylinin, Nəsiminin (İ.Zeynalovla birlikdə), Füzulinin (Ö.Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc heykəltəraşların yetişməsinə töhfələr verib.

18 iyul 1932 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova (1932-2006) Bakıda doğulub. Kitabları: “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Məhəmməd Füzuli”, “Nizaminin poeziya sələfləri” və s.

18 iyul 1936 – Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən Bakı Uşaq Teatrı (1928-ci il 20 sentyabrda yaradılmışdı) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırılıb. Teatra rus-sovet yazıçısı Maksim Qorkinin adı verilib.

18 iyul 1940 – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov (1940 – 20.5.2021) anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb.

 

19 iyul 1915 – Xalq artisti, opera müğənnisi (bariton) Ağababa Balağa oğlu Bünyadzadə (1915 – 17.12.1974) Bakının Kürdəxanı kəndində doğulub. 1938-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

 

20 iyul 1903 – Əməkdar incəsənət xadimi Baxşi Həsən oğlu Qələndərli (1903 – 14.9.1985) Xankəndidə doğulub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş rejissor, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyib.

20 iyul 1933 – Əməkdar rəssam Məmmədəli Namazəli oğlu İsmayılov (1933 – 21.8.2010) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam işləyib.

20 iyul 1936 – Tarixçi, arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev (1936–2020) Şəki rayonunun Daşbulaq kəndində anadan olub.

20 iyul 1946 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Ağahüseyn oğlu Dadaşov (1946-2017) Bakıda anadan olub. Bir sıra filmlərin (“Yol əhvalatı”, “Qətl günü” və s.) ikinci rejissoru olub, sənədli filmlər çəkib.

20 iyul 1948 – Xalq artisti, aktyor, rejissor Ramiz Hacı Ağa oğlu Əzizbəyli (1948 – 9.6.2021) Bakıda anadan olub. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

 

21 iyul 1950 – Xalq artisti Məmmədbağır Bağırzadə (1950 – 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.

21 iyul 1981 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi görkəmli şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul edib. Qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, ədibin adının əbədiləşdirilməsi ilə bağlı digər tədbirlər nəzərdə tutulmuşdu.

 

Dünya

 

17 iyul 1846 – Rus alimi, səyyah və etnoqraf Nikolay Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.

17 iyul 1888 – İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966) Samuel Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.

17 iyul 1889 – Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın müəllifidir.

 

18 iyul 1610 – İtalyan rəssamı, Avropa realist rəngkarlığının banilərindən Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.

18 iyul 1811 – İngilis yazıçısı Vilyam Tekkerey (William Makepeace Thackeray; 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.

 

19 iyul 1834 – Fransız rəssamı və heykəltəraşı Edqar Deqa (Edgar Degas – Hilaire Germain de Gas; 1834-1917) anadan olub.

19 iyul 1893 – Rus şairi Vladimir Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Hamam” və s.

 

20 iyul 1304 – İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.

20 iyul 1864 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931) Erik Karlfeldt (Erik Axel Karlfeldt; 1864-1931) anadan olub.

20 iyul 1895 – Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.

 

21 iyul 1893 – Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.

21 iyul 1899 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 – 2.7.1961) anadan olub. Əsərləri: “Kişisiz qadınlar”, “Əlvida, silah”, “Əcəl zəngi kimin üçün çalınır” (roman), “Qoca və dəniz” (povest) və s.

Hazırladı:  Vüqar ORXAN