Koronavirusun “Delta” ştamı dünyada yeni yoluxma artımının əsas səbəbidir, biz üçüncü yoluxma dalğasının başlanğıcındayıq.
Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Qebreyesus qurumun COVİD-19 infeksiyası üzrə Fövqəladə Komitəsinin iclasında belə deyib.
“Delta” ştamı hazırkı yoluxma artımının əsas hərəkətverici elementlərindən biridir, o, artan sosial təsirlərdən və insan hərəkətlərindən, həmçinin təsdiqlənmiş sosial və ictimai sağlamlıq tədbirlərinin uyğunsuz istifadəsindən qaynaqlanır”, – deyə o bildirib.
DST rəhbərinin sözlərinə görə, Avropa və Şimali Amerika əhalisi arasında vaksinasiya səviyyəsinin artması bəhrə verməyə başlayıb, bu regionlarda virusa yoluxma və ölüm hallarında azalma müşahidə edilib. Lakin vəziyyət yenidən dəyişir və dünya üçüncü yoluxma dalğasının başlanğıcındadır: “Artıq ardıcıl olaraq dördüncü həftədir ki, dünyada COVİD-19 infeksiyasına yoluxma halları artmaqda davam edir. On həftəlik enişdən sonra ölüm səviyyəsi də artmağa başlayıb”.
Dünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi üç aydan bir toplanaraq koronavirusun yayılma təhlükəsini qiymətləndirir. Komitənin qərarına əsasən, hazırda COVİD-19 ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət səviyyəsindədir.
Komitə iclasının nəticələrinə əsasən, DST yenilənmiş tövsiyələrini təqdim etməlidir.