Avropa İttifaqı ölkələrində yetkinlik yaşına çatan əhalinin yarıdan çoxu tam vaksinasiya olunub. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün tviter səhifəsində yazıb.
“Avropa İttifaqının yetkinlik yaşına çatan əhalisinin yarıdan çoxu artıq tam vaksinasiyadan keçib. Koronavirus variantlarından yayınmaq və yeni infeksiya dalğasının qarşısını almaq üçün peyvənd olunmaq vacibdir. Avropa İttifaqında yaşlı insanların 70 faizinin vaksinasiyası üçün yetərincə doza var. Gəlin bunu edək”, – deyə Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən etibarən Avropa İttifaqı ölkələrində vaksinasiya kampaniyası xeyli sürətlənib.
Qeyd edək ki, Avropa Komissiyası iyul ayında yetkinlik yaşına çatan insanların 70 faizinin vaksinasiyadan keçməsi üçün kifayət qədər peyvənd istehsalına nail olmaq hədəfini qarşıya məqsəd qoyduğunu elan etmişdi.
Artıq Avropa ölkələrinin əksəriyyəti COVİD-19 əleyhinə peyvəndin məcburi olması barədə qərar qəbul ediblər.
Fransada isə iyulun 21-dən sanitar sənədlərin ciddi yoxlanılması qaydası da qüvvəyə minəcək. Müəssisələr – kafe, restoran, kinoteatr kimi məkanların rəhbərliyinin sanitar sənədlərin (PCR testi və ya peyvənd sertifikatı) yoxlanılmasına biganəliyi onlara baha başa gələcək. Belə müəssisələrin rəhbərlərini 45 min avro cərimə və bir il həbs cəzası gözləyir.