Xəbər verdiyimiz kimi, ABŞ-da keçirilən “Florida Keys” müsabiqəsinin qalibləri bu yaxınlarda elan olunub.  Müsabiqə çərçivəsində ilk dəfə Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının mükafatı da təqdim edilib. Fikrət Əmirovun əsərinin ən yaxşı ifasına və xaricdə Azərbaycan musiqisinin təbliğinə görə gənc vokalçı Teymur Kazımov xüsusi mükafata layiq görülüb. Mükafatı görkəmli bəstəkarın qızı Sevil Əmirova təqdim edib.

Teymur Kazımov Fikrət Əmirovun “Azərbaycan elləri” əsərini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və pianoçu, Əməkdar artist Nərgiz Əliyevanın müşayiəti ilə ifa edib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının şagirdi olan Teymur Kazımov bir çox beynəlxalq müsabiqələrin laureatıdır. “Florida Keys” VI beynəlxalq onlayn musiqi müsabiqəsində Teymur “professional vokal” kateqoriyasında 1-ci yeri tutub. Onu müsabiqəyə hazırlanmasında BMA-nın məktəb-studiyasının solo oxuma sinfi üzrə müəllimi Ofeliya Axundova və BMA-nın konsertmeysteri Dilarə Kərimova iştirak ediblər.

Xatırladaq ki, “Florida Keys” müsabiqəsi görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilir. Müsabiqənin təşkilatçısı Cövdət Hacıyevin qızı, Florida şəhərində (ABŞ) Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası nəzdində təhsil və mədəniyyət komitəsinin sədri Pərvin Muradovadır.

Müsabiqənin məqsədi gənc istedadların aşkarlanması, onların musiqi fərdiliyinin açıqlanması, həmçinin Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğidir.

Ü.Hacıbəyli adına BMA-nın və akademiyanın məktəb-studiyasının rəhbərliyi “Florida Keys” müsabiqəsinin və Fikrət Əmirovun Beynəlxalq Assosiasiyasının təşkilat komitəsinə Azərbaycan bəstəkarlarının irsinin təbliğində səmərəli fəaliyyətinə görə təşəkkür edir.