Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycana verdiyi dəstək bunun təsdiqi oldu

 

Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyənin, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana verdiyi dəstək mühüm önəm kəsb edirdi.

Bu fikir iyulun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə vurğulanıb.

Qeyd edək ki, iyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçirilib. Görüşdən öncə Azərbaycan Prezidenti Türkiyə və Pakistan nümayəndə heyətlərini qəbul edib.

TBMM-in sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə TBMM sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edilib. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirilib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulanıb.

Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirilib ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirilib.

Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

***

Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edərək Pakistan xalqının bu Zəfəri Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyini vurğulayıb.

Əsəd Qeysər Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin və Baş nazir İmran Xanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Prezident İlham Əliyev onun da salamlarını Arif Alvinə və İmran Xana çatdırmağı xahiş edib.

Görüşdə Pakistan Milli Assambleyası sədrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından önəmi qeyd edilib. Pakistan və Azərbaycanın bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələr olduğu bildirilib. Həmçinin Pakistan, Türkiyə və Azərbaycan parlament sədrlərinin üçtərəfli görüşünün əhəmiyyəti vurğulanıb.

Görüşdə İkinci Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyinə görə minnətdarlıq ifadə edilib, müharibənin ilk günlərindən dost ölkənin rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı önəmli bəyanatlar verdiyi qeyd olunub. Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədikləri bildirilib.

Görüşdə Pakistan Milli Assambleyası sədrinin Şuşaya səfərinin əhəmiyyəti də qeyd  edilib, bunun ölkələrimiz arasında münasibətlərin inkişafının bariz nümunəsi olduğu vurğulanıb.