XII Qəbələ Musiqi Festivalı beş gün davam edəcək

 

2009-cu ildə əsası qoyulan, ötən müddətdə dünya və Azərbaycan musiqisinin görüş yerinə çevrilən Qəbələ Musiqi Festivalı 2020-ci ildə pandemiya səbəbindən keçirilmədi. COVİD-19 nəinki festivalları, ümumilikdə musiqini, incəsənəti səhnədən, kütləvi tamaşaçıdan uzaq salıb. İlyarımdır davam edən bu məcburi ayrılıqdan sonra, nəhayət, sənətin səhnəyə qayıdışı üçün bir imkan...

Qəbələ Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gəlir. Məlum səbəblərdən festivala xarici ölkələrdən iştirakçılar dəvət olunmasa da, musiqi bayramının proqramı zəngindir. Üstəlik, bu dəfə  Qəbələ Musiqi Festivalı əlamətdar yubileyə – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyi,  Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalı iyulun 31-dən avqustun 4-dək davam edəcək.

Məlum olduğu kimi, bu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 may 2021-ci il tarixində yubileyin keçirilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bir il aradan sonra yenidən təşkil olunan Qəbələ Musiqi Festivalı da məhz bu yubileyə töhfə olacaq.

Sənətsevərlər beş gün davam edəcək festivalda musiqi kollektivlərinin və tanınmış ifaçıların maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

İlk olaraq iyulun 31-də saat 17:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin konserti keçiriləcək. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edəcəklər.

XII Qəbələ Musiqi Festivalının təntənəli açılışı həmin gün saat 21:00-da açıq səhnədə (“Qafqaz Resort” hoteli) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin iştirakı ilə baş tutacaq. Bədii rəhbər, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadə, orkestr rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadə və hərbi dirijor baş leytenant Elnur Qurbanovun rəhbərliyi altında Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları səslənəcək.

1 avqust saat 17:00-da Heydər Əliyev Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin daha bir konserti olacaq.

Həmin gün saat 21:00-da eyni məkanda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera Orkestri” çıxış edəcək. Bədii rəhbər Xalq artisti Fərhad Bədəlbəyli, baş dirijor Əməkdar artist Fuad İbrahimov, dirijor Cavad Tağızadədir. Solistlər Xalq artistləri Murad Adıgözəlzadə (piano), Murad Hüseynov (piano), Yeganə Axundova (piano), Əməkdar artistlər İlham Nəzərov (vokal), Rövşən Quliyev (truba), Əziz Pənahdır (qoboy).

2 avqust saat 17:00-da Heydər Əliyev Konqres Mərkəzinin səhnəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası müəllimlərinin konserti təqdim olunacaq.

Saat 21:00-da isə açıq səhnədə (“Qafqaz Resort”) “Zəfər” muğam kompozisiyası” adlı muğam axşamı keçiriləcək. Proqramda Xalq artistləri Mənsum İbrahimov (xanəndə),  Elçin Həşimov (tar), Əməkdar artistlər Təyyar Bayramov (xanəndə), Elnur Əhmədov (kamança), eləcə də Gülzar Fərəcova (xanəndə), Günay İmamverdiyeva (xanəndə), Kənan Bayramlı (xanəndə), Ceyhun Qurbanov (sintezator), Siyavuş Kərimov (nağara)  çıxış edəcəklər.

3 avqust saat 17:00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası müəllimlərinin daha bir konserti keçiriləcək. Sənətsevərlər Xalq artistləri Murad Adıgözəlzadə (piano), Ülviyyə Hacıbəyova (piano), Elnarə Dadaşova (piano), Gülnaz İsmayılova (vokal), Əvəz Abdulla (vokal), Əməkdar artist Fəridə Məmmədova (vokal), Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev (piano) və beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin (piano) ifalarını dinləyəcəklər.

Həmin gün saat 21:00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev) müşayiəti, Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist, istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti baş tutacaq. 

Festivalın sonuncu günü, 4 avqustda saat 17:00-da Heydər Əliyev Konqres Mərkəzində respublika və beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin ifasında fortepiano musiqisi axşamı keçiriləcək.

Festivalın bağlanış konsertində saat 21:00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə tamaşaçılara “Viva opera” adlı proqram təqdim olunacaq. Solistlər: Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əvəz Abdulla, Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, respublika və beynəlxalq müsabiqələr laureatları Elmina Həsənova, Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayev.

XII Qəbələ Musiqi Festivalının bədii rəhbəri Xalq artisti, professor Fərhad Bədəlbəyli, icraçı direktoru Əməkdar artist Səbinə Əsədova, koordinatoru Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyədir. Təşkilat komitəsinin üzvləri: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva; BMA-nın beynəlxalq əlaqələr, ictimai əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova; Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini Afət Mikayılov; festivalın aparıcıları: Xalq artisti, professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyov.