İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Yeni yol başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçərək məşhur İstisu ərazisinədək uzanacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun layihə uzunluğu 80,7 km təşkil edir. Dövlət başçısının tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır. Bu ərazilərdə inşa ediləcək dolaylara (serpantin) əlavə özül əsaslı istinad divarları tikilsə belə qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Yolda maillik 16-28% arası dəyişir. Əgər yol 7% mailliklə tikilsə, mövcud 16.5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,7 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib.

Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yolboyu ümumi uzunluğu 15 km-ə yaxın olan 3 tunel tikiləcək. Hazırda Murovdağ tunelinin portalında işlər aparılır. Layihə Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətlərinin də iştirakı ilə icra olunur.