Əcnəbilər çəkiliş üçün paytaxtımıza daha çox maraq göstərirlər

 

Ötən ay Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimat mərasimi keçirildi. Komissiyanın yaradılması beynəlxalq və yerli peşəkar icmalara ölkəmizi çəkiliş məkanı kimi kəşf etməyə imkan verəcək. “Filming Azerbaijan”ın fəaliyyəti barədə direktor İlkin Məmmədli ilə həmsöhbət olduq.

 

– İlkin müəllim, Azərbaycan Film Komissiyasının fəaliyyəti əsasən nələri ehtiva edir?

– Film Komissiyası dünyada geniş tətbiq olunan praktikadır. Əsas işi audiovizual məhsul istehsalçılarının (kino, klip, reklam, televiziya və s.) işini asanlaşdırmaq və rahat çəkiliş üçün bütün lazım olan şəraiti yaratmaq, xüsusilə də əcnəbiləri ölkəmizə çəkilişlərə cəlb etməkdir.

 

– Komissiyanın fəaliyyəti kino sahəsinə və ümumilikdə iqtisadiyyata nə dərəcədə təsir imkanlarına malikdir?

– Film Komissiyası ölkəyə əlavə sərmayə cəlb etməyə, onun dünyada tanınmasına, turizmin inkişafına kömək edir. Məsələn, Türkiyədə məşhur hind filmlərinin çəkilməsi qardaş ölkəyə Hindistandan gələn turist axınının dəfələrlə artmasına səbəb olub. Film komissiyası həmçinin audiovizual sahəmizin iqtisadi və peşəkar inkişafına zəmin yaradır. Ölkəmizdə bu sahədə çalışan mütəxəssislərin, aktyorların tanınmış əcnəbi prodakşn və studiyalarla birgə işləməsi onlar üçün əvəzolunmaz təcrübə və əlavə gəlirlər deməkdir. Bu, hazırda kino sahəsinin dirçəlməsi üçün çox vacibdir.

 

– Bəs yaradılan bu imkanlardan yerli kinematoqrafçılar nə qazanacaqlar?

– Bir ildən çoxdur komandamızla Azərbaycanın potensial çəkiliş məkanı bazasının yaradılması üzərində işləmişik və ölkəmizi qarış-qarış gəzmişik. Deyə bilərəm ki, Vətənimizi özüm üçün yenidən kəşf etdim. Azərbaycan bir çoxlarımızın tanımadığı unikallıqlarla çox zəngindir. Azərbaycanın çəkiliş potensialı düşündüyümüzdən də böyükdür. Biz yerli kinematoqrafçılara dəstək oluruq. Çəkiliş iznləri və məkan seçimləri üçün bizim bazamızdan yararlanırlar.

 

– Bildiyim qədər, artıq bir sıra müqavilələr də bağlanıb. Yəni iş prosesinə başlanılıb...

– Bəli, müqavilələr artıq imzalanır, ancaq təəssüflər olsun ki, mövcud pandemiya şəraiti işimizi xeyli çətinləşdirir. Hindistanın nəhəng kino istehsalçıları ölkəmizdə çəkilişlər aparmağı çox istəyirlər. Təəssüf ki, koronavirusun yeni “Delta” ştammına görə xüsusilə Hindistan  vətəndaşlarının ölkəyə girişi məhduddur.

 

– Sizcə, ölkəmizin ən çox hansı regionlarına müraciət olunacaq?

– Artıq müəyyən təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, əcnəbilər üçün bir nömrəli məkan Bakı şəhəridir. Paytaxtımız hamını heyran edir, burada qədim Şərq memarlığı və müasirlik bir məkanda cəmləşib. Regionlarımızdan əcnəbilərin diqqətini cəlb edən Xızı dağları, Quba-Qusar və Şamaxı-Qəbələ zonasıdır. Sadəcə, bu regionların populyarlığı logistika ilə əlaqəlidir. Əcnəbi çəkiliş heyətlərinin tələblərindən biri məkanın Bakıdan maksimum 2 saatlıq yol məsafəsində olmasıdır. Ancaq, bu o demək deyil ki, digər regionlarımız kənarda qalacaq. Bu hələ işimizin başlanğıcıdır, qeyd etdiyim kimi, ölkəmizin bütün regionlarının öz unikallığı və böyük potensialı var. Biz gələcəyə nikbin baxırıq.

 

– “Filming Azerbaijan”ın təqdimatında Bakıya sorğuların daha çox olduğunu vurğuladınız. Tanıtım çarxı və jurnal da təqdim etmisiniz. Saytınız da fəaliyyətdədir. Əcnəbilər bu yeniliklərlə necə tanış olur?

– Həm sosial şəbəkələrdə reklamlarla, həm də birbaşa əlaqə ilə çatdırılır. Bu işdə xarici ölkələrə ezamiyyətlər, beynəlxalq sərgi və festivallarda iştirakımız mütləqdir. Əsas hədəfimiz Azərbaycanı unikal təbiət və memarlığa sahib, çəkiliş üçün əlverişli və rahat bir ölkə kimi tanıtmaqdır.

 

– İşğaldan azad olunmuş ərazilərimiz çəkilişlər üçün istifadə edilə bilərmi?

– Əlbəttə. Hətta deyərdim ki, buna əcnəbilər tərəfindən maraq da var. Biz Vətən müharibəsi bitər-bitməz Qarabağa üz tutduq və çəkilişlərə başladıq. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də razılaşmalara əməl etmir və işğaldan azad olunmuş ərazilərdəki minaların xəritələrini təqdim etmir. Bu da, sözsüz ki, işimizi çətinə salır.

 

– “Netflix” platforması ilə əməkdaşlıq haqqında məlumat verə bilərsinizmi?

– Təəssüflər olsun ki, konfidensiallıq (məxfiliyin qorunması – red.) haqqında imzaladığımız sənədlərə görə bu barədə ətraflı məlumat verə bilməyəcəyəm. Sadəcə, deyə bilərəm ki, böyük layihədir və çəkilişlər Bakıda baş tutacaq.

 

– Film Komissiyasının yerli kino istehsalına təsiri olacaqmı? Yəni daxil olan maliyyədən Azərbaycanın kino sənayesi üçün vəsait nəzərdə tutulurmu?

– Bu sualı cavablandırmaqda çətinlik çəkirəm. Buna yaradılacaq Kino Agentliyi qərar verəcək.

 

– Layihə əsasında ilk filmin çəkilişi təqribən nə vaxta nəzərdə tutulub?

– İlk çəkilişlərə avqust ayından başlanılacaq. Digər layihələrimiz də, əvvəl qeyd etdiyim kimi, COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyətə bağlıdır. 

 

– Müsahibə üçün təşəkkür edirəm.

– Çox sağ olun.

Lalə AZƏRİ