Noyabrın 8-dən 11-dək Böyük Britaniyanın paytaxtı Londonda «World Travel Market 2010» beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq və təbliğat sektorunun müdiri Səbinə Kərimova, analitik təhlil və proqramlar təminatı şöbəsinin aparıcı məsləhətçisi Türkan İsmayılova, ölkəmizdə fəaliyyət göstərən «İmprotex Travel», «ENC Tours», «Gilan Tourism», «Millennium Tourism & Congress DMC», «Bakı Tur», «ALTravel», «Geo Travel», «Classic Voyage» turizm şirkətlərinin əməkdaşları, «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı nümayəndəliyi və «Cəngi» mahnı və rəqs ansamblının bir qrup rəqqası təmsil edib.
Sərgi bərədə qəzetimizə açıqlama verən «Millennium Tourism & Congress DMC»nin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, «World Travel Market” beynəlxalq turizm forumları arasında özünəməxsus yer tutur. Bu fikri beynəlxalq sərginin açılışında çıxış edən «World Travel Market»in rəhbəri Fiona Cefferi də vurğulayıb. Onun sözlərinə görə, 2009-cu ildə sərgi iştirakçıları ilə bağlanan müqavilələr nəticəsində təşkilatçılar 1,1 miyard funt sterlinq gəlir əldə edib. Bu il isə dünyanın 200-dən artıq ölkəsini təmsil edən turizm qurumunun iştirak etdiyi sərgini 50 mindən artıq insanın ziyarət edəcəyi gözlənilir.
R.Quliyevin dediyinə görə, builki sərgi bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, «WTM-2010» sərgisində ziyarətçilər ilk dəfə olaraq Vatikan dövlətinin turizm lövhəsi ilə tanış olublar. Eləcə də son 10 ildə ilk dəfə olaraq İraq bu sərgidə öz turizm imkanlarını nümayiş etdirib. Builki sərginin daha bir özəlliyi pavilyonda idmanla bağlı lövhənin yer alması olub. Həmsöhbətimiz bildirdi ki, təşkilatçılar bununla Böyük Britaniyanın futbol, tennis, reqbi və başqa idman növləri üzrə dünyada özünəməxsus yer tutduğunu ziyarətçilərə nümayiş etdirmək istəyiblər.
Məlum olduğu kimi, noyabrın 10-u “Dünya Məsuliyyətli Turizm Günü” (World Responsible Tourism Day) kimi qeyd edilir. R.Quliyevin sözlərinə görə, bu münasibətlə Dünya Turizm Təşkilatı sərgi çərçivəsində geniş toplantı keçirib.
Azərbaycanın “WTM-2010” beynəlxalq turizm sərgisində təmsil olunmasına gəlincə, R.Quliyevin sözlərinə görə, ölkəmizin turizm potensialını əks etdirən stend ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Azərbaycanın lövhəsinə yaxınlaşan insanlara müxtəlif dillərdə hazırlanmış bukletlər, kitabçalar, ölkəmizin təbiətini, istirahət mərkəzlərini, turizm imkanlarını əks etdirən disklər paylanıb. Ziyarətçilərin diqqətini isə Dağlıq Qarabağın füsunkar təbiətinə həsr olunmuş reklam-çap məhsulları və «Cəngi» folklor ansamblının çıxışı daha çox cəlb edib.
Qeyd edək ki, Azərbaycanın stendini ölkəmizin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov da ziyarət edib.
London sərgisində ilk dəfə olaraq «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubu da öz stendi ilə təmsil olunub. «Skal Bakı»nın prezidenti Ruslan Quliyev və klubun üzvləri digər ölkələrin skal klublarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bundan əlavə, «Millennium Tourism & Congress DMC» Türkiyənin tibbi turizm firması olan «Turkish healthcare tourism development council»la əməkdaşlıqla bağlı müqavilə imzalayıb. Eyni zamanda Almaniya, Hollandiya və digər ölkələrin turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıqla bağlı razılaşmalar əldə edilib.
Təəssüflər olsun ki, mənfur qonşularımız bu dəfə də öz çirkin əməllərindən qalmayıblar. R.Quliyevin dediyinə görə, Ermənistanın stendində Dağlıq Qarabağın turizm potensialını əks etdirən reklam məhsullarının nümayiş olunmasına Azərbaycan nümayəndə heyəti kəskin reaksiya verib və öz etirazını sərginin təşkilatçılarına çatdırıb. Bundan əlavə, nümayəndə heyətimiz ermənilərin çox gülünc və qəribə şantajı ilə də üzləşib. Belə ki, «Cəngi» ansamblının rəqqasları oyun xəncərləri ilə «Qılıncoynadanlar» rəqsini ifa edən zaman ermənilər sərginin təşkilatçılarına məlumat veriblər ki, azərbaycanlılar sərgiyə soyuq silah gətiriblər: «Onlar bununla bizim incəsənət ustalarının çıxışlarına məhdudiyyət yaratmağa çalışsalar da, sonda məsələyə aydınlıq gətirildi».
Sonda həmsöhbətimiz bildirdi ki, “World Travel Market” dünyanın ən böyük sərgilərindən biridir və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bu tədbirə diqqət ayırması sevindirici haldır: «Bununla özəl sektor nümayəndələrinə də öz turizm məhsulumuzu dünya səviyyəsində nümayiş etdirmək imkanı yaradılır. London sərgisində dünyanın əksər ölkələrində turizmin bütün növləri üzrə mütəxəssislər, həm daxili, həm xarici turizm fəaliyyəti ilə məşğul olan, həm də innovasiya sistemləri tətbiq edən, eyni zamanda onlayn-rezervasiya sistemlərini təmsil edən şirkətlərin nümayəndələri iştirak edirdilər. Bu baxımdan sərgidə ölkəmizin belə geniş tərkibdə təmsil olunması yeni texnologiyaların Azərbaycanda tətbiq edilməsinə gözəl bir zəmin yaradır».
Qeyd edək ki, Azərbaycan bu sərgidə 2001-ci ildən hər il mütəmadi olaraq təmsil olunur.
Fəxriyyə Abdullayeva