XIX əsrdə Göyçə aşıq mühitinin yetirdiyi ünlü sənətkarlardan biri də Aşıq Alı olub. Ədəbi irsi bütövlükdə günümüzə gəlib çıxmasa da, el arasında təcnis ustadı kimi tanınıb. Qoşma, bayatı, gəraylı, müxəmməs, divani və ustadnamələri dillərdə dolaşıb. Ustad aşıq həm də “Təcnis Alı”, “Loğman Alı”, “Dədə Alı”, “Şıx Alı” deyə çağırılıb. Haqqında “Aşıq Alı və Əsmər xanım” dastanı bağlanıb. Görkəmli sənətkarı anadan olmasının 220 illiyi münasibətilə yada saldıq. Bu il həm də Aşıq Alının ən məşhur yetirməsi Aşıq Ələsgərin 200 illiyidir və ustadla şəyirdin adı, şöhrəti birgə vurğulanacaq...

Alı Mirzə oğlu 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində dünyaya göz açıb. Əvvəlcə mollaxanaya gedir, sonra ibtidai məktəbi bitirir. Aşıq musiqisinə maraq göstərir, el şənliklərində ustad sənətkarları dinləyir. Yeri düşdükdə özü də saz havalarını zümzümə edir. Getdikcə bu ulu sənətə qəlbən bağlanır. Atası Alını  Kərkibaş kəndində yaşayan Ağ Aşığa şəyird verir. Ustad sənətkar onun istedadlı bir gənc olduğunu ilk gündən hiss edir. Qısa müddətdə əksər saz havalarını Alıya öyrədir.

Deyilənlərə görə, Aşıq Alı ucaboy, enlikürək və çox yaraşıqlı bir gənc olub. Məlahətli səsi, dastan söyləmək qabiliyyəti onu hər kəsə sevdirib. Çox keçmir bu gənc aşığın səsi-sorağı Göyçənin hüdudlarını aşır. Araşdırmalarda göstərilir ki, Aşıq Alı Göyçə mahalının Çamırlı kəndində Niftalı adlı varlı bir kişinin qızı Bəstini istəyir. Ancaq başlıq pulunu verə bilmədiyi üçün doğma kəndi tərk edir. Pul qazanmaq üçün Naxçıvana, oradan da Türkiyəyə gedir. Gedərkən sevdiyi xanıma iki ilə qayıdacağına söz verir. Dolaşdığı diyarlarda həm ozan-aşıq sənətini və öz məharətini nümayiş etdirir, eyni zamanda güzəranını yaxşılaşdırır. Ancaq vədinə əməl edə bilmir. Göyçə mahalına bir qədər gec qayıdır. Valideynləri Bəstini başqa birisinə vermək qərarına gəlirlər. Aşıq Alı Türkiyədə olarkən bir məclisdə həmyerlisi ilə qarşılaşır. Ailəsinə xəbər göndərir ki, bədgüman olmasınlar, tezliklə vətənə dönəcək. O, “Deyinən” rədifli qoşmasını da həmin vaxt qələmə alır:

Qasid, gedər olsan bizim ellərə
Bu naməni o canana deyinən.
Qohum-qardaş, dost-müsahib olanlar,
Göz dikməsin başqa yana deyinən.

Aşıq Alı Türkiyədə olarkən bir çox məclislər yola verir, ustad aşıqlarla görüşür. Hətta bir neçəsi ilə deyişir də. Söz meydanında onları bağlayır və sazlarını əllərindən alır. Ustadın bu saz-söz cahangirliyini şəyirdi Aşıq Allahverdi çox sonralar belə qələmə alıb:

Mahalımın şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın kəməndə Yığvalı,
Alqış sənə, Aşıq Alı.

Duraxan da gəldi dada,
Əsməri də saldın oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən, Aşıq Alı,
Alqış sənə, Aşıq Alı.

Sənətkarın həyatının Türkiyə dövrü haqqında ayrıca “Aşıq Alının Türkiyə səfəri” dastan-rəvayəti yaranıb. Dastan ustad sənətkarın həyatından fraqmental bəhs etsə də, sənət dünyası haqqında geniş təsəvvür yarada bilir.

Aşıq Alı şair olmaqla bərabər, həm də saz havalarının yaradıcısı kimi şöhrət qazanıb. Onun “Göyçə Şərili”, “Göyçəgülü”, “Ağır Şərili”, “Göyçə qaytağı”, “Qəhrəmanı”, “El bayatısı” və “Gilənar” saz havaları dinləyicilər tərəfindən maraqla qarşılanaraq yaddaşlara köçüb.

Aşıq-şair ustalıqla ipə-sapa düzdüyü qoşmalarında təbiət gözəlliklərini poetik bir dillə təqdim edir:    

Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.

Sənətkar bir el müdriki kimi yaradıcılığında gəncləri də unutmayıb. Onları enişli-yoxuşlu həyat yollarında ayıq-sayıq olmağa səsləyib:

Havalanma, dəli könül,
Zorunan işin nədi?
Mənsurtəki Hələbdə
Darınan işin nədi?

Tut orucun, qıl namazın,
Şükür et Allahına,
Yoxsulsan, alçaqdan yeri,
Varnan işin nədi?

Mənbələrdə göstərilir ki, Aşıq Alının öz dəst-xətti ilə yazdığı üç əlyazma şəklində şeirlər kitabı və Ağ Aşıqdan bəhs etdiyi kitab (əlyazma) 1938-ci ilədək Kəlbəcərdə Aşıq Nəbidə olub. Həmin nüsxə anlaşılmazlıq üzündən yanıb. Müstəqillik illərində Aşıq Alının əsərləri bir neçə dəfə nəşr olunub.

Ustadlar ustadı, Azərbaycan aşıq sənətinə Dədə Ələsgər kimi saz-söz nəhəngi bəxş edən Aşıq Alı enişli-yoxuşlu, acılı-şirinli uzun bir ömür yolu keçir. İxtiyar çağlarında gözlərinin nuru itir. Təxminən 15-16 il işıqlı dünya onun üçün zülmət səltənətinə çevrilir. İşıqlı dünyaya qəlbinin gözü ilə baxan aşıq deyir:

Çəkmə xəcaləti, unutma arı,
Saxla bu sinədə ar, Aşıq Alı.
Bir zaman aqildim, başda əyləşən
İndi də ayaqda kor Aşıq Alı...

Ulu aşıq sənətinin inkişafında böyük xidmətləri olan, sözlə sazın vəhdətində yeni bir dünya yaradan Aşıq Alı 1911-ci ildə vəfat edib, Qızılvəng kəndində dəfn olunub. 2011-ci ildə böyük sənətkarın 210 illiyi ölkəmizdə geniş şəkildə qeyd edilib.  

Savalan FƏRƏCOV