“Avropanın möhtəşəm kurortları” Dünya İrsi Siyahısında

 

Xəbər verdiyimiz kimi, 16–31 iyul tarixində Çin Xalq Respublikasının Fuçjou (Fuzhou) şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyası keçirilir. Sessiyanın gündəliyində Dünya İrsi Siyahısına 2020 və 2021-ci illər üzrə irəli sürülmüş ümumilikdə 42 nominasiya var. Nominasiyaların müzakirəsi iyulun 24-də başlayıb.

Dünya İrs Komitəsi “Avropanın möhtəşəm kurortları” (The Great Spas of Europe) adı altında təqdim olunan transmilli nominasiyanı müzakirə edərək Avropanın 7 ölkəsindən 11 məşhur kurort məkanını Dünya İrs Siyahısına salınmasına qərar verib. Buraya  Avstriyanın Baden şəhəri, Almaniyan Bad Ems, Bad Kissinqen və Baden-Baden şəhərləri, eləcə də Spa (Belçika), Frantişkovi Lazne, Karlovı Varı, Mrianske Lazne (Çexiya), Vişi (Fransa), Montekatini Terme (İtaliya) və Bat (Böyük Britaniya) kurort şəhərləri daxildir.

Qeyd edək ki, “Avropanın möhtəşəm kurortları” transmilli nominasiyası hələ 2012-ci ildə UNESCO-ya müraciət edilmişdi.  Müraciətdə həmin məkanlardakı kurort mədəniyyəti və memarlığının universal dəyərləri spesifik Avropa fenomeni kimi qeyd edilib. XVIII əsrdə Avropanın müxtəlif regionlarında tarix və ənənəsi qədim Roma dövrünə gedib çatan termal su məkanlarına maraq artıb, termal və mineral su mənbələrində inkişaf edən kurortlar təkcə müalicə və istirahət məkanı kimi deyil, eyni zamanda mədəniyyət mərkəzləri kimi formalaşmağa başlayıblar. Siyahıdakı 11 şəhərdə termal mənbələrlə yanaşı teatr, konsert salonları, parklar qədim şəhər mərkəzini vəhdət şəklində əks etdirir.

Sessiyada Dünya İrsi Siyahısına daxil edilən daha bir tarixi-mədəni abidə Madriddəki “Paseo del Prado” bulvarı və “Retiro” parkıdır. İspaniya paytaxtındakı tarixi obyektləri gələcəkdə baş verə biləcək dəyişikliklərdən qorumaq məqsədilə yeddi il ərzində aparılmış intensiv işdən sonra Madriddəki “Paseo del Prado” bulvarı və “Retiro” parkı UNESCO-nun siyahısına daxil edilib.

Madridin mərkəzində yerləşən üç zolaqdan ibarət “Paseo del Prado” bulvarı məşhur Prado Muzeyinin yerləşdiyi məkandır. “Paseo del Prado” bulvarından başlanan “Retiro” parkı isə bu şəhərdə ən çox ziyarət edilən yerlərdən biridir. Bu park XVII əsrdə Kral IV Filipin sarayı və bağları üçün salınıb.

Madriddəki bu obyektlərə fəxri beynəlxalq status veriləndən sonra İspaniyanın Baş naziri Pedro Sançes öz “Twitter” səhifəsində yazıb: “Paytaxt məkanının layiq olduğu bu etimad bizim tarixi, bədii və mədəni irsimizi möhkəmlədir”.