“Bizim xalqın quruculuq işində də yenilməzlik ruhu var. Bunu Ağdamın bərpası zamanı da göstərəcəyik”

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qrupu iyulun 29-da Ağdam rayonuna səfər edib.

İdarələrarası Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qrupunun rəhbəri,  Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov və İşçi qrupunda təmsil olunan qurumların rəhbər və  məsul şəxsləri Ağdam şəhərinin tarixi mərkəzi hissəsi, Ağdam Dram Teatrı binasının yerləşdiyi ərazi, “İmarət” kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası, rayon ərazisindəki Üzərliktəpə arxeoloji abidəsi, qəbiristanlıqlar və digər məkanlarda olublar. Heyətin baş çəkdiyi məkanlarda müvafiq qeydiyyat işləri aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı dövlət başçısının 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılıb.

Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının məqsədi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsidir.

Əlaqələndirmə Qərargahına Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev başçılıq edir. Qərargahın nəzdində ayrı-ayrı sahələr üzrə İşçi qrupları fəaliyyət göstərir.

“Keçən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Bu gün Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun üzvləri Ağdama gəlib. Məqsəd mövcud vəziyyəti yerində görməkdir”, – deyə İşçi qrupunun rəhbəri, Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva jurnalistlərə açıqlamasında bildirib.

Fərəh Əliyeva qeyd edib ki, İşçi qrupunun tərkibində alimlər, mütəxəssislər və rəsmilər var. O, diqqətə çatdırıb ki, dövlət başçısı Ağdamda olub, burada aparılacaq bərpa və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Həmçinin mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərinin bərpasının təməlqoyma mərasimi keçirilib, şəhərin yeni baş planının təqdimatı olub.

“Ağdamın böyük gələcəyi var. Ancaq Ağdamın tarixi keçmişi də var və gələcəyində bu keçmiş də yaşamalıdır. Biz də Prezidentin göstərişinə uyğun olaraq artıq layihələr üzərində işə başlamışıq. Ağdamda bərpa və restavrasiyası mümkün olan abidələrə baxış keçirib, rəyimizi təqdim etməliyik. Gördüklərimizdən sarsılsaq da, şəxsən çox xoşbəxtəm ki, belə tarixi məqamda belə tarixi məkandayam. Ermənilər yenilməz orduları olduqlarını iddia edirdilər. Ancaq Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yenilməzliyin nə olduğunu göstərdi. Bizim xalqın quruculuq işində də artıq yenilməzlik ruhu var. Biz onu Ağdamın bərpası zamanı da göstərəcəyik”, – deyə Fərəh Əliyeva vurğulayıb.

Prezident Administrasiyasının şöbə müdiri Ağdamda salamat bina qalmadığını deyib: “Hansı binaları tarixi görkəmlərinə uyğun bərpa etmək mümkündürsə, bu istiqamətdə bütün işlər görüləcək. Hamımızın bir namus borcu var, əsgərlərimiz burada qan töküb, canları ilə bu torpaqları azad ediblər. İşçi qrupunun gəlişində də məqsəd budur.

Hər bir abidə və məkana baxaraq qeydlər götürür, müzakirələr aparırıq. Bu vaxta qədər böyük iş görülüb, bundan sonra da çox böyük işlər görülməlidir. İşçi qrupunun bu səfəri də bu işə bir təkan olacaq. Ermənilər tarixi abidələri yer üzündən silsələr də, yaddaşlardan silə bilməyiblər. Yaddaşda yaşayan tarix əbədi tarixdir. Yəni bu istiqamətdə mütləq işlər, araşdırmalar aparılacaq, mütəxəssis, alim rəyi öyrəniləcək”.

“Ağdamda İmarət qəbiristanlığı, Pənahəli xan və İbrahimxəlil xanın, Xurşudbanu Natəvanın türbəsi ilə bağlı geniş məlumatımız, çap olunmuş məqalələrimiz var. Ancaq işğal dövründə ermənilər tərəfindən bu abidələr bərbad vəziyyətə salınıb”, – bunu isə jurnalistlərə açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov bildirib. O qeyd edib ki, tam əvvəlki görkəmində olmaqla, tezliklə bu abidələrin bərpası işləri aparılacaq: “İnşallah, bu ərazi yenidən insanların ziyarət yerinə çevriləcək”.