Diaspor nümayəndələri Cıdır düzündə nəhəng Azərbaycan bayrağı açıblar

 

Azərbaycanın müxtəlif ölkələrdən gələn diaspor nümayəndələri iyulun 27-də Şuşa şəhərinə səfər ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşib.

Dövlət Komitəsindən bildiriblər ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada erməni vandalizminə məruz qalmış və bu il yenidən bu qədim şəhərə qaytarılan “Güllələnmiş heykəllər”in (Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın büstləri) olduğu meydanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı ziyarət ediblər. Diaspor nümayəndələrinə Şuşanın çoxəsrlik tarixi, zəngin mədəniyyət abidələri barədə ətraflı məlumat verilib.

Səfərdə 20-dən çox ölkədən tarixi vətənə gəlmiş diaspor nümayəndələri iştirak edib. Soydaşlarımız birlik və həmrəylik rəmzi olaraq Şuşanın Cıdır düzündə nəhəng Azərbaycan bayrağı açıblar.