Gəncədə Şuşa Bəyannaməsinə həsr olunmuş konfrans keçirilib

 

Xəbər verildiyi kimi, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyəti ölkəmizə səfərə gəlib. İyulun 28-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında əməkdaşlıq protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

Tədbirə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, mədəniyyət, elm xadimləri qatılıblar.

Konfransdan əvvəl qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Gəncə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova mərkəzin fəaliyyəti haqqında qonaqlara məlumat verib. AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.

Konfrans Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək konfransın əhəmiyyətini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsinin Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi olduğunu bildirən T.Budaqov iki ölkəni birləşdirən tarixi köklərin, mədəniyyətin, dinin və milli-mənəvi dəyərlərin olması ilə yanaşı, dövlət başçılarının qarşılıqlı münasibətlərinin də bu əlaqələrin yüksək səviyyəyə çatmasında böyük rol oynadığını vurğulayıb: “Türkiyə–Azərbaycan dostluğu bizim milli köklərimizə əsaslanır və çoxəsrlik tarixə malikdir. Türkiyə Azərbaycanın hər bir problemini öz problemi, hər bir uğurunu öz uğuru kimi qəbul edib. Biz bunu bu gün əyani şəkildə bir daha görürük. Xüsusilə, 44 günlük Vətən müharibəsində Azərbaycanı istəməyən müxtəlif qurumların, təşkilatların təzyiqlərinə baxmayaraq, qardaş Türkiyə bizim yanımızda oldu”.

AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş konfransın Vətən müharibəsindəki Zəfərdən sonra keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Bildirib ki, Qarabağ zəfəri işğal altındakı ərazilərin azad olunması ilə birgə bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çalacağını göstərdi. Türkiyə Respublikası başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, müharibənin ilk günündən Azərbaycanın yanında oldu. Bu gün məqsəd bu Qələbədən sonrakı nailiyyətləri daha yüksək səviyyəyə qaldırmaqdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini, Bursadan deputat Efkan Ala, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, SETA Araşdırmalar Mərkəzinin xarici əlaqələr üzrə mütəxəssisi, professor Ferhat Pirinççi konfransda çıxış edərək Şuşa Bəyannaməsinin əhəmiyyətindən və gələcəkdə qarşılıqlı əlaqələrin inkişafındakı rolundan danışıblar.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, birgə şəkil çəkdirilib.

Konfransdan sonra Numan Kurtulmuşun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərə Kompleksini ziyarət edib.