Yaponiyanın Tokio Universitetinin tədqiqatçı mühəndisləri ilk dəfə səs vasitəsilə əşyaları havaya qaldırmağa nail olublar.
“Japanese Journal of Applied Physics” nəşrinin məlumatında bildirilir ki, əşyalara toxunmadan onları hərəkətə gətirmək bir çox sahələr, məsələn, biotibbi mühəndislik üçün mühüm əhəmiyyətə malikdir. Hazırda bu lazer pinsetlər vasitəsilə edilir. Lazerin yaratdığı təzyiq obyektin yerini dəyişməyə imkan verir. Lakin bu üsul yalnız həddindən artıq kiçik əşyalara tətbiq edilə bilir.
Mühəndislərin rəyinə görə, akustik pinset bu məsələdə daha səmərəli rol oynaya bilər. Bu üsulla daha böyük əşyaları millimetr dəqiqliyi ilə hərəkət etdirmək mümkündür.
Akustik pinseti hərəkət etdirmək üçün “səs tələsi” lazımdır, səs dalğalarını real zaman çərçivəsində idarə etmək isə çox çətindir. Lakin layihənin müəllifləri yarımdairə şəkilli akustik qəfəs yaradaraq, onun vasitəsilə 3 millimetr diametrində dairəni səthdən ayırmağa nail olublar.
Alimlər bildiriblər ki, ultrasəs dəyişdiricilərdən istifadə edərək onu bloklara ayırıblar. Bu zaman geri qaytarma filtri səslərin akustik dalğalar şəklində istifadəsinə şərait yaradır. Nəticədə hər akustik sahənin əmələ gəlməsi üçün lazımi fazaya və amplitudaya təsir göstərmək imkanı əldə olunur.
Müəlliflər qeyd edirlər ki, dairəni akustik tələyə salmaq çətin olduğuna görə, belə yanaşma heç də tam etibarlı deyil. Lakin bu təcrübə gələcək tədqiqatlar üçün istiqamətləri təyin etməyə zəmin yaradır.
CAVİD