Qobustan Milli Tarix-Bədii Qoruğunun və Hindistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Qobustanda “Hindistan mədəni irsinin inciləri” adlı sərgi açılıb.
Qobustan Milli Tarix-Bədii Qoruğundan verilən məlumata görə, sərgi Hindistanın mədəni irsini Azərbaycanda tanıtmaq və iki ölkənin mədəni irsin təbliği sahəsində əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır.
Tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev iki ölkə arasında əlaqələrdən danışıb. Bildirib ki, 2022-ci ildə Hindistan müstəqilliyinin 75 illiyini qeyd edəcək və yubileylə bağlı tədbirlərə bu ildən start verilib. Qobustan qoruğunda “Hindistan mədəni irsinin inciləri” adlı sərgi də bu yubileyə töhfə olaraq təşkil edilib. Direktor sərginin iki ölkə arasında mədəni irs sahəsində əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin müstəqilliyinin 75 illiyinin eyni zamanda Hindistan xalqının tarixini, mədəniyyətini və qazandığı uğurlarını diqqətə çatdıran bir festival şəklində qeyd ediləcəyini deyib. Diplomat Qobustanda açılan sərginin də buraya gələn ziyarətçilərə Hindistanın zəngin mədəni irsini təqdim edəcəyini və ölkələrimiz arasında mədəni bağlantı rolunu oynayacağını bildirib.
Səfir Qobustan qoruğunun Hindistanın ən məşhur tarixi abidə və məkanlarının əks olunduğu sərgi üçün çox uyğun bir məkan olduğunu vurğulayıb. Qeyd edib ki, sərgidə yer alan 16 şəkil-plakat məşhur Tac-Mahal, Qırmızı qala və Cənubi Hindistanın məbədləri kimi məkanları əhatə edir. Qobustan qoruğu kimi bu məkanlar da UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Diplomat Hindistanın ümumilikdə 40 tarixi abidə və mədəni məkanının UNESCO-nun siyahısında olduğunu diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Ağacavid Ramazanov mədəni irsin hər bir xalqın, dövlətin tarixinin elmi cəhətdən öyrənilməsi işində mühüm mənbələrdən biri olduğunu qeyd edib. O, sərgini zəngin dəyərlərə malik olan Hindistanla mədəni yaxınlıq və bu sahədə əməkdaşlıq baxımından yüksək qiymətləndirib.
Sonra Hindistanın tarix və mədəniyyət abidələrini əks etdirən videoçarx təqdim olunub. İştirakçılar Hindistan musiqisinin sədaları altında sərgi ilə tanış olub, Azərbaycan milli şirniyyatları və Hindistanın milli mətbəxinə aid təamların dadına baxıblar.
Qobustan qoruğunda “Hindistan mədəni irsinin inciləri” adlı sərgi avqustun sonunadək davam edəcək.