Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti ünvanı Şabran rayonunun Pirəbədil kəndi olub. Xalçaçılıq ənənələri ilə tanınan Pirəbədil kəndində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi, rəsm və əl işləri, yerli mətbəx nümunələri, adət-ənənələri əks etdirən stendlər nümayiş etdirilib. Tədbirdə incəsənət adamları, bədii kollektivlərlə yanaşı, 44 günlük Vətən müharibəsinin iştirakçıları, şəhid ailələrinin üzvləri də iştirak ediblər. “Xınayaxdı” folklor kollektivi və Şabran Xalq teatrının çıxışları maraqla qarşılanıb. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov layihə çərçivəsində tədbirlərin bölgənin digər rayonlarında da təşkil ediləcəyini diqqətə çatdırıb.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və idarənin əməkdaşları Yardımlı rayonunda bir neçə kənd mədəniyyət müəssisəsinə baxış keçirib. İdarə rəisi müəssisələrin cari fəaliyyətinin müvafiq iş planları üzrə təşkili və intizam qaydalarına riayət olunması ilə bağlı tövsiyələr verib. Görüşlərdə həmçinin işçi kollektivlərin problemlərinin həlli istiqamətində müzakirələr aparılıb.
Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayonunun Nəsimikənd kəndində Folklor evinin və “Adıgün” Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində tədbir keçirilib. Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və Axıska Türkləri Vətən İctimai Birliyi İdarə heyətinin sədri İsmayıl Rəhimovun da iştirak etdiyi tədbirdə Axıska türklərinin adət-ənənələrini, mədəniyyətini, folklorunu, mətbəxini özündə əks etdirən bir-birindən maraqlı kompozisiyalar təqdim olunub.
İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mədəniyyət Mərkəzinin Hacıalılı kənd Mədəniyyət evi görkəmli fırça ustası, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Rəhmanzadənin (1916-2008) 105 illiyinə həsr olunmuş videoçarx hazırlayıb.
Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi, idarənin Göygöl rayon nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev parkında yerləşən “Yaşıl teatr”da “Narkomaniya bəşəriyyətin bəlasıdır, narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə “Narkomaniya ağ ölümdür” başlığı ilə maarifləndirici videoçarx təqdim olunub.
Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır” başlıqlı onlayn tədbir keçirilib. Tədbirdə mərkəzi və filial kitabxanalarının əməkdaşları, fəal oxucular iştirak ediblər.
Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Hədiyyə Mirzəyeva İsraildə keçirilən “Holy Land” beynəlxalq onlayn müsabiqəsində iştirak edərək “İnstrumental ifaçılıq” nominasiyasında 3-cü yerə layiq görülüb.
Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Kitabxanaların və Heydər Əliyev Mərkəzi əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər yeniyetmə və gəncləri narkomaniyaya yox deməyə, sağlam həyat sürməyə, mənəvi kamilliyə çağırıblar.
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Yaxşı kitab ömürlük dostdur” adlı onlayn söhbət keçirib.
Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İstedad sorağında” adlı şeir müsabiqəsinə yekun vurulub. 9-25 yaş arası iştirakçıları əhatə edən müsabiqədə Səadət Çerçiyeva I, Şəbnəm Osmanova II, Rəqsanə Rəhmanova III yerlərə layiq görülüblər. Qaxın Əmbərçay kənd kitabxanası tərəfindən yaşlı oxuculara səyyar kitabxana xidməti təşkil olunub.