İyirmi ildir avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd edilir.

123 yaşlı Azərbaycan kinosu zəngin inkişaf yolu keçib. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakıda fransız fotoqraf və kinooperator Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin tarix ölkəmizdə kinonun yaranma günü sayılır.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Milli Kino Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin milli kinomuz haqqında fikirləri, rəsmi sənədlər, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.