Xaricdə təhsil almış məzunların Ağdama səfəri

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun iyulun 31-də işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfərdə 71 nəfər Dövlət Proqramı və HTP məzunu iştirak edib. Onlar dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində təhsil alıblar və hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə çalışırlar.

Səfər proqramı Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri, Ağdam Dövlət Dram Teatrının xarabalıqları və erməni vandalizminin izi qalan digər məkanları əhatə edib. Səfər iştirakçılarına yenidən qurulacaq Ağdamın baş planı barədə məlumat da verilib. Məzunlar tərəfindən Ağdam Dövlət Dram Teatrı binasının qalıqları qarşısında skripka və tarda musiqi parçaları ifa olunub.  “Nargis” jurnalının “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı məzunlara təqdim edilib.

Türkiyənin Bilkent Universitetində təhsil almış Zöhrə Qaragöz gördüyü mənzərənin onu dəhşətə gətirdiyini söyləyib: “Uşaq vaxtından mən Qarabağın necə gözəl bir guşə olduğunu bilirdim. Amma indi görürəm ki, o gözəllikdən əsər-əlamət qalmayıb. İnanıram ki, törədilən bu vandalizm aktları cəzasız qalmayacaq və biz əksinə, daha da güclü və inamla Qarabağımızı yenidən quracağıq”.

Çin Xalq Respublikası UİBE Universitetində təhsilini başa vuran Bəxtiyar İslamov deyib: “Hər birimizin təhsil aldığımız ölkələrdə öz əhatəmiz var. Biz xaricdəki dostlarımız vasitəsilə doğma torpaqlarımızda törədilən bu vəhşilikləri bütün dünyaya çatdıracağıq”.

Səfərin sonunda Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbəsi Gülşən Baxşəliyeva tərəfindən çəkilmiş və 44 günlük Vətən müharibəsinin xüsusi elementlərini özündə ehtiva edən rəsm əsəri Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, dövlət hesabına xaricdə təhsil almış gənclər Vətən müharibəsi zamanı hərbçilərimizə tibbi xidmətin göstərilməsinə, həmçinin sosial media hesablarında, ictimai və diplomatik platformalarda ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini veriblər.