2 avqust – Azərbaycan Kinosu Günü bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd olunub.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mədəniyyət Mərkəzində əlamətdar günlə bağlı tədbir keçirilib. Mərkəzin tamaşa salonunda baş tutan tədbirdə Azərbaycan kinosunun dünəni, bu günü haqqında danışılıb, “Azərbaycan kinosu və tarix”, “Filmlərimizdə estetik musiqi və Emin Sabitoğlu” mövzularında çıxışlar dinlənilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdindəki Heydər Əliyev Sarayı Milli Kino Günü münasibətilə videoçarx hazırlayıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin kənd kitabxana filialları əlamətdar gün münasibətilə videoçarxlar ərsəyə gətiriblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzində Azərbaycan Kinosu Günü münasibətilə tədbir təşkil olunub. Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov Azərbaycan kinosunun yaranması haqqında məlumat verib. Daha sonra 1963-cü ildə rejissor Həbib İsmayılovun lentə aldığı milli kinomuzun qiymətli nümunələrindən olan “Böyük dayaq” filmi nümayiş etdirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində də Azərbaycan Kinosu Günü qeyd olunub. Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova çıxış edərək ölkəmizdə kino sənətinin inkişaf tarixindən, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Tədbirdə Xaçmaz rayonunda çəkilən filmlərdən fraqmentlər, xaçmazlı aktyor Nadir Əsgərov (Nuruşbala) haqqında süjet, xaçmazlı rejissor Asif Abramovun çəkdiyi film və seriallardan fraqmentlər, həmçinin həmin filmlərdə rol alan aktyorlar haqqında kadrlar nümayiş etdirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən idarənin rəisi Fərid Qurbanzadə Azərbaycanda kino sənətinin bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçdiyini və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynadığını diqqətə çatdırıb. Digər çıxış edənlər də kino salnaməmizin zənginliyindən bəhs ediblər. Çıxışlardan sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal edilmiş “Azərbaycan kinosunun yaranması və inkişafı” adlı sənədli film nümayiş olunub.

NURƏDDİN