Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsi şəhidlərinə ithaf olunmuş virtual ədəbi-bədii kompozisiya təqdim olunub. “Haray” adlı kompozisiya teatrın yaradıcı kollektivi və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə əməyi ilə ərsəyə gətirilib. Ədəbi-bədii kompozisiyada tələbələr şəhidlik zirvəsinə yüksəlmiş İbrahim Rükabzadə, İbrahim Lələyev, Sübhan Həsənov, Ramazan Vəliyev və Rafael Hüseynovun həyatı və şərəfli döyüş yolundan bəhs edən monoloqlar deyiblər. Kompozisiyanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, musiqi və səhnə tərtibatçıları Ruslan Zahidov və Elsevər Əliyevdir. R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşləri (2020, iyul) zamanı şəhid olmuş igid oğullarımızın xatirəsinə həsr olunan “Unudulmaz tarix” adlı sərginin bağlanış mərasimi keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində həlak olmuş ağstafalı şəhidlərin və qazilərin övladlarının asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar “Çörək” adlı kukla tamaşası təşkil olunub. Tədbirdə çıxış edən regional idarənin rəisi Elbəy Əli uşaqların sağlam və firavan böyüməsinin, rifahlarının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Alekseyevka kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Ülvi Məmmədovun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər. MKS-nin Qorxmazoba kənd kitabxana filialında “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olmuş gizir Fərman Yaqublunun ailə üzvləri ilə görüş keçirib.

NURƏDDİN